SİYASƏT


Kiyevdə Azərbaycanın Türkiyəyə hədiyyə etdiyi Atatürkün büstünün açılış mərasimi keçirilib VİDEO

Kiyev, 10 noyabr, AZƏRTAC

Kiyevdə Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədov tərəfindən hazırlanan Osmanlı-türk paşası, siyasi xadim və dövlət xadimi Mustafa Kamal Atatürkün büstünün açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Ukraynadakı səfirliyində təşkil olunan açılış mərasimində Azərbaycan və Türkiyə səfirliklərinin diplomatları, KİV nümayəndələri iştirak ediblər.

Türkiyənin dövlət himni səsləndirildikdən sonra çıxış edən bu ölkənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə bildirib ki, büst Azərbaycan səfirliyi və onun müəllifi Katib Məmmədov tərəfindən Türkiyə xalqına hədiyyə edilib. Bu büst Türkiyənin Ukraynadakı səfirliyinin foyesində quraşdırılacaq. Bu gün Türkiyənin qurucusu, qazi Mustafa Kamal Atatürkün vəfatının 82-ci ildönümü günü belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

“Türkiyə xalqı bu gününə görə Atatürkə minnətdardır. Biz Atatürkdən qalan mirasla qürur duyuruq. Bu gün Türkiyə xalqına verdiyi dəyərə görə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovaya, büstün müəllifi Katib Məmmədova təşəkkür edirik”, - deyə Yağmur Əhməd Güldərə vurğulayıb.

Atatürkün bütün türk dünyasının atası olduğunu deyən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib ki, hər iki ölkə daim bir-birinin yanındadır.

“İkinci Qarabağ savaşında da Türkiyə Azərbaycanın yanında oldu. Bildiyiniz kimi, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra Ermənistan kapitulyasiyaya razılıq verdi. Bu qələbədə göstərdiyi dəstəyə görə Türkiyəyə öz təşəkkürümüzü bildiririk”, - deyə səfir əlavə edib.

Büstün müəllifi Katib Məmmədov göstərdikləri dəstəyə görə hər iki ölkənin səfirinə minnətdarlığını bildirib. Sonra səfir Yağmur Əhməd Güldərəyə Atatürkün stolüstü büstünü hədiyyə verib.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi və heykəltəraşın birgə təşəbbüsü ilə hazırlanan büst tuncdandır. Büstün postamentlə birlikdə hündürlüyü 2 metrə yaxındır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.