MƏDƏNİYYƏT
Kiyevdə Azərbaycanla Ukrayna arasında turizmin inkişafı müzakirə ediləcək
Kiyev, 23 oktyabr, AZƏRTAC
Kiyevdə Azərbaycanla Ukrayna arasında turizmin inkişaf perspektivləri müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 24-də Kiyevdə keçiriləcək Azərbaycan-Ukrayna turizm sahəsində birgə komissiyanın iclasında iştirak edəcək.
İclasda turistlərə xidmət məqsədilə müxtəlif mülkiyyət formalı Azərbaycan və Ukrayna müəssisələri və təşkilatları, turizm cəmiyyətləri arasında işgüzar əlaqələrin inkişafı, habelə onların birgə fəaliyyəti, həm mütəşəkkil, həm də fərdi turizmin onun müxtəlif formalarında inkişafı, o cümlədən sərgilərdə, yarmarkalarda, konfranslarda, simpozium və seminarlarda, digər reklam-informasiya və elmi-praktik beynəlxalq turizm tədbirlərində iştirakı məsələləri müzakirə ediləcək.
Bundan başqa tərəflər Azərbaycanla Ukrayna arasında bərabərlik və qarşılıqlı fayda əsasında turizm mübadiləsinin daha da inkişaf etdirilməsi üçün hüquqi bünövrənin təkmilləşdirilməsini də müzakirə edəcəklər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev