QAN YADDAŞI
Kiyevdə Xocalı soyqırımının 30 illiyi ilə bağlı anım tədbiri keçirilib VİDEO
Kiyev, 24 fevral, AZƏRTAC
Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasında Xocalı soyqırımının 30 illiyi münasibətilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən anım tədbirində diplomatlar, alimlər, diaspor rəhbərləri, soydaşlarımız iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ali təhsil ocağında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər.
Anım tədbiri Xocalı soyqırımında şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasının prezidenti Rostislav Şokin dəyirmi masa iştirakçılarını salamladıqdan sonra çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edib. Ermənistanın qeyri-insani davranışlarının ən yüksək həddi düz 30 il əvvəl - 1992-ci il fevralın 26-da törədilmiş Xocalı qətliamı olub. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli, ən faciəli səhifələrindən biridir və xalqımızın yaddaşında silinməz iz buraxıb.
Elmira Axundova, həmçinin Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, 30 illik işğal və 44 günlük Vətən müharibəsi barədə iştirakçılara məlumat verib.
Azərbaycanın Türkiyədəki səfir Yağmur Əhməd Güldərə isə çıxışında bildirib ki, Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayətdir. “Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq. Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır. İnsan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnmiş bu qanlı faciəni törədənlər mütləq cəzalandırılmalı və hadisəyə beynəlxalq müstəvidə hüquqi qiymət verilməlidir”, - deyə səfir əlavə edib.
Sonra çıxış edən Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbin direktoru Valentina Antonenko, Ukrayna Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Andrey Kudryaçenko, “Azərbaycan Dəmir Yolları” QSC-nin Ukrayna üzrə nümayəndəsi Eldar İsmayılov, Hüquq elmləri doktoru, professor Arif Quliyev Xocalı soyqırımı haqqında danışıblar.
Daha sonra ali təhsil ocağının böyük akt zalında tələbələr və tədbir iştirakçıları Vahid Mustafayevin rejissoru olduğu “Xodja” filminə baxıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev