SİYASƏT
Kiyevdə əsasən həmyerlilərimiz tərəfindən təşkil edilmiş “Feyeriya” festivalı keçirilmişdir
Kiyev, 24 aprel (AZƏRTAC). Aprelin 23-də Ukraynanın paytaxtındakı Avropa Universitetinin (AU) konsert salonunda Beynəlxalq rəqs gününə həsr olunmuş çoxjanrlı “Feyeriya” festivalı keçirilmişdir.
Qala-konsertin təşkilatçıları həmyerlimiz Nicat Mirzəyevin başçılıq etdiyi “Mirmolodezhi” (İntellektual inkişaf ərazisi) beynəlxalq ictimai təşkilatı (BİT), Kiyevdəki 1 nömrəli Qafqaz rəqsləri məktəbi (Şəmsi Məhərrəmov və Nicat Mirzəyev), Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Oleq Krapivinin sədri olduğu Kiyev şəhər təşkilatı, AU (rektor- İvan Şevçenko), “Demokratiyanın nəbzi” BİT (prezident – Hikmət Cavadov) və başqalarıdır.
Bayram gecəsinin rəsmi hissəsini Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Sabir Rzayev açmışdır. O, tədbirin təşkilatçılarını, iştirakçılarını və tamaşaçılarını səfirlik adından salamlayaraq onlara yaradıcılıq ruhu və yaxşı əhval-ruhiyyə arzulamışdır.
“Azərbaycançılıq İnstitutu” BİT-in və adı çəkilən diaspor təşkilatının prezidentləri Oleq Krapivin, Hikmət Cavadov, UAK Məclisinin sədri Akif Gülməmmədov, Şəmsi Məhərrəmov və Nicat Mirzəyev də festivalın iştirakçılarına uğurlar arzulamışlar.
Qala-konsert Şəmsi ilə Nicatın rəhbərlik etdikləri “Qafqaz” ansamblının qadın kollektivinin ifasında “Nəlbəki” Azərbaycan xalq rəqsi ilə açılmışdır.
Şou proqramda Azərbaycan, ərəb, Balkan, gürcü, hind, roman rəqsləri və digər rəqslər ifa edilmiş, Azərbaycan və Ukraynanın gənc müğənnilərinin ifasında müasir mahnılar səsləndirilmişdir.
Bayram konsertinin sonunda Oleq Krapivin gecənin moderatoruna, şouda iştirak etmiş yaradıcılıq kollektivlərinin bədii rəhbərlərinə çiçək dəstələri və UAK-nın Kiyev şəhər təşkilatının fəxri fərmanlarını təqdim etmişdir. Konsertdə Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşları, Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin məsul işçisi Ruslan Quliyev, icmamızın fəalları, Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev