CƏMİYYƏT
Kiyevdə əslən Azərbaycandan olan yazıçının “Şərqdən əsən külək” kitabının təqdimatı olub
Kiyev, 6 dekabr, AZƏRTAC
Kiyevdə, Ukrayna Milli Elmlər Akademiyasının Alimlər Evində tanınmış ukraynalı yazıçı Qriqori Hüseynovun yaradıcılıq gecəsi keçirilib. Qriqori Hüseynov hazırda yeganə azərbaycanlıdır ki, bu ölkənin mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ali dövlət mükafatını – Taras Şevçenko adına Ukrayna Milli Mükafatını ona şəxsən Ukrayna Prezidenti təqdim edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində yazıçının “Şərqdən əsən külək” adlı yeni kitabının təqdimatı olub. Kitabda özbək, Azərbaycan və çuvaş süjet xətləri çulğalaşır.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Təranə Sadıqova yeni kitabın çapdan çıxması münasibəti ilə yazıçını diplomatik nümayəndəlik adından təbrik edərək deyib: “Biz, azərbaycanlılar, sizinlə çox fəxr edirik. Etnik azərbaycanlının Ukraynanın ədəbi mühitində iştirak etməsi və öz adını klassik Ukrayna ədəbiyyatına yazması bizim üçün çox vacibdir. Yazıçının tarixi hadisələrdən qaynaqlanan yeni əsəri təkcə özbək və çuvaş xalqları üçün deyil, Azərbaycan və Ukrayna xalqları üçün də vacibdir. Əlbəttə, Qriqori Hüseynovun kitablarında Azərbaycan barədə çox dəyərli xatirələr var, həmin xatirələr “Şərqdən əsən külək” kitabında da var. Axı bu xatirələr oxuculara xatırladır ki, Qriqori Hüseynovun ruhu Ukraynaya məxsus olsa da, ürəyi Azərbaycanındır. Mən Qriqori Camal oğluna ruh yüksəkliyi, yeni yaradıcılıq uğurları və uzun ömür arzu edirəm”.
Qriqori Hüseynov çıxışında qeyd edib ki, kitab üzərində iş prosesində əvvəllər ictimaiyyətə tanış olmayan çoxlu sayda sənəd tərcümə olunub. Məsələn, çox az adam bilir ki, Xivə xanları sülaləsinin hakimiyyəti başa çatandan sonra onun təmsilçiləri məhz Ukraynada məskunlaşıblar və hələ də burada yaşayırlar. “Kitabın ikinci hissəsində çuvaş xalqının milli qəhrəmanı, çuvaş ədəbi dilinin banilərindən biri, həyatı Ukrayna ilə sıx bağlı olan Sespel Mişşidən danışılır. 1980-ci illərin əvvəllərində mənə sonuncu Xivə xanının yaxın qohumu ilə tanış olmaq xoşbəxtliyi nəsib olub. O, mənə unikal sənədlər təqdim edib. Həmin fotolar kitabda təqdim olunub. Əlbəttə, əslən qədim Gəncə şəhərindən olan atamın həyat tarixçəsindən danışmaya bilməzdim. Mənim əsas qəhrəmanlarımın həyatı insan həyatının dəyərsiz olduğu kəşməkəşli dövrdə yaşamış, lakin öz insanlığına sadiq qalmış, adi insan xoşbəxtliyi ümidlərini itirməmiş atamın həyat tarixçəsini xatırladır”.
Tədbirdə Avropa Elmlər, İncəsənət və Ədəbiyyat Akademiyasının katibi, Nəsiminin əsərlərinin Ukrayna dilinə tərcüməçisi Dmitri Çistyak, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Qonçaruk, Kiyev Milli Linqvistika Universiteti yanında Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri İntiqam Şıxızadə, Ukrayna Diplomatiya Akademiyasının fəxri doktoru Qriqori Xalimonenko, professor, tarix elmləri doktoru Fərhad Turanlı, Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçiliyi Akademiyasının müəllimi Sergey Solovyov, Ukraynadakı çuvaş diasporunun başçısı Nadejda Lisova, yazıçılar, ictimai xadimlər, tələbələr və s. iştirak ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev