CƏMİYYƏT
Kiyevdə keçirilən beynəlxalq konfransda Azərbaycan əczaçılarının yaxşı işi qeyd olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Kiyevdə Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Tibb Elmləri Milli Akademiyasının, Ukrayna Səhiyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinin təşkilatçılığı və beynəlxalq təşkilatların iştirakı ilə tibb elmləri doktoru, professor Oleksey Viktorovun xatirəsinə həsr olunmuş "Dərman vasitələrinin təhlükəsizliyi və qanuni tənzimlənməsi: ixtirasından tibbi istifadəsinə qədər" mövzusunda beşinci elmi-praktiki konfrans keçirilib.
Analitik Ekspertiza Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, elmi-praktik konfransda dərman vasitələrinin kliniki sınaqlarında və qeydiyyatdan sonrakı dövrdə, elektron məlumatların istifadəsi də daxil olmaqla klinik məlumatların idarə edilməsi zamanı dərmanların təkmilləşdirilməsi, risk və siqnal idarəetmə sistemlərinin problemləri, dərman vasitəsinin həyat tsiklində sənədlər toplusuna baxılması, dərman vasitələrinə əlçatanlığın təmin olunmasında formulyar sistemin rolu və zəruri dərman vasitələrinin milli siyahısı müzakirə olunub.
Konfransda ölkəmizi təmsil edən Analitik Ekspertiza Mərkəzinin farmakonəzarət şöbəsinin müdiri Emin Quliyev “Farmakonəzarət sahəsində tərəflər arasında kommunikasiyanı necə təkmilləşdirmək olar?” mövzusunda məruzə ilə çıxış edib.
Dünya Səhiyyə Təşkilatının (DST) Uppsala Monitorinq Mərkəzinin əməkdaşı Nadya Yastrebovanın “VigiBase`in analizi” mövzusundakı çıxışında Azərbaycanın “OneFlow” beynəlxalq proqram təminatından MDB ölkələri arasında istifadə edən ilk ölkələrdən olması və 2019-cu ilin DST-ün Beynəlxalq dərman monitorinqi proqramının tələbinə uyğun olaraq göndərilən fərdi hadisə barədə təhlükəsizlik hesabatlarının sayına görə MDB ölkələri arasında birinci olduğu xüsusi vurğulanıb.
Konfrans iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edilib.