CƏMİYYƏT


Kiyevdə tələbələr üçün Ukrayna-Azərbaycan diplomatik münasibətlərinə həsr olunan tədbir keçirilib

Kiyev, 13 noyabr, AZƏRTAC

Xarici ölkələrin nümayəndəliklərinə xidmət üzrə baş direktorluğun media mərkəzində Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərə həsr edilmiş tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tələbələr arasında “Ukrayna-Azərbaycan diplomatik münasibətləri” mövzusunda Ümumukrayna esse müsabiqəsi çərçivəsində keçirilmiş müsabiqənin təşkilatçısı ADA Universitetidir. Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu da müsabiqənin tərəfdaşı qismində çıxış edib. Müsabiqənin Ukraynadakı kuratoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı təmsilçisi Marina Qonçarukdur.

Tələbələr ADA Universiteti barədə məlumatla, həmçinin universitetin həyata keçirdiyi müxtəlif beynəlxalq proqram və layihələrlə tanış olublar. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tələbələrə videoformatda müraciət edib. O, ukraynalı gənclərə Ukrayna-Azərbaycan münasibətlərinin öyrənilməsində, Azərbaycanın mədəniyyəti və tarixi ilə tanışlıqda uğurlar arzulayıb.

Fariz İsmayılzadə videomüraciətində deyib: “Əminəm ki, bu müsabiqə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin müxtəlif aspektlərini daha ətraflı öyrənməyə kömək edəcək, həmçinin sizə, ukraynalı gənclərə Azərbaycanı hərtərəfli kəşf etmək fürsəti yaradacaq”.

Tədbir çərçivəsində Ukrayna-Azərbaycan münasibətləri sahəsində ekspert, tarix elmləri namizədi Oleq Kupçik, Ukrayna-Azərbaycan diplomatik münasibətlərinə dair Ümumukrayna esse müsabiqəsinin kuratoru Marina Qonçaruk, “Doktrina” siyasi araşdırmalar mərkəzinin rəhbəri Yaroslav Bojko və politoloq Denis Moskalık da tələbələr qarşısında çıxış ediblər.

Onlar Ukrayna-Azərbaycan diplomatik münasibətlərinin tarixi, xüsusən Ukrayna Xalq Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti dövrü barədə, Şuşada doğulan görkəmli şəxslərin, o cümlədən Yusif Vəzir Çəmənzəminlinin ölkələrimiz arasında münasibətlərin inkişafındakı rolundan ətraflı söhbət açıblar.

Xatırladaq ki, oktyabrın 25-dən noyabrın 25-dək ADA Universiteti Ümumukrayna esse müsabiqəsi keçirir. Müsabiqənin qalibi Bakıya dəvət olunacaq, digər qalib yerlərin sahibləri mükafatlandırılacaqlar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.