SİYASƏT
Kiyevdəki Azərbaycan bazar günü məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş konsert olmuşdur
Kiyev, 27 dekabr (AZƏRTAC). Kiyevdəki Azərbaycan bazar günü məktəbində peşəkar və gənc artistlərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş konserti olmuşdur.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli tədbirə toplaşanları qarşıdan gələn Həmrəylik günü və Yeni il münasibətilə təbrik etmişdir.
Səhnədə balaca məktəblilərlə yanaşı təcrübəli, artistlər də çıxış etmişlər. Ukrayna Azərbaycanlılar Konqresinin UAK sədri vəzifəsini icra edən, Ukraynanın Xalq Artisti Qurban Abbasov bir neçə Azərbaycan və Ukrayna mahnısı ifa etmişdir.
Tamaşaçılar arasında bu məktəbin yetirmələrinin valideynləri, dövlət və ictimai təşkilatların nümayəndələri, UAK fəalları və başqaları vardı.
Bayram tədbiri başa çatdıqdan sonra səfir iştirakçılara təşəkkürünü bildirmiş, uşaqlarda milli ənənələrə və mədəniyyətə hörmət tərbiyə olunmasının vacibliyini qeyd edərək azərbaycanlıları daha həmrəy olmağa və milli birliyə çağırmışdır.
Diplomat konsertin əsas təşkilatçıları - “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatının prezidenti Hikmət Cavadova və Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin direktoru Qurban Abbasova ayrıca təşəkkür etmişdir.
Qeyd etmək lazımdır ki, Kiyevdəki Azərbaycan bazar günü məktəbinin fəaliyyətə başlamasından 8 il keçir. “Demokratiyanın nəbzi” təşkilatının patronajı altında fəaliyyət göstərən bu məktəbin sayəsində uşaqlar ana dilini, xalqımızın qədim tarixini və zəngin mədəniyyətini öyrənmək, xalq adət və mərasimlərini mənimsəmək imkanı əldə etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev