DÜNYA
Kiyevdəki “Çernobıl” Milli muzeyi Fotoreportaj VİDEO
Kiyev, 16 noyabr, AZƏRTAC
1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji bloku reaktorunun partlaması nəticəsində baş vermiş həm həlak olanların və zərərçəkənlərin ehtimal edilən sayına, həm də onun vurduğu iqtisadi ziyanın həcminə görə tarixdə bu qəbildən ən böyük qəza hesab edilir.
AZƏRTAC xəbər verir ki, Kiyevdəki “Çernobıl” Milli Muzeyi 1992-ci il aprelin 25-də - faciənin 6-cı ildönümü ərəfəsində açılıb. Muzey həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərin əli ilə yaradılıb. Qəzadan sonra hadisə yerinə birinci olaraq gəlmiş bu insanlar həlak olmuş yoldaşlarının xatirəsini əbədiləşdirməyi qərara alıb və Çernobıl yanğınsöndürənlərinin xatirə muzeyini yaradıblar. Kiyevdəki “Çernobıl” Milli Muzeyinin tarixi belə başlanıb.
“Çernobıl” Milli Muzeyinin elmi direktoru Anna Korolevskaya AZƏRTAC-a müsahibəsində bu barədə ətraflı məlumat verib. O deyib: “1992-ci il aprel ayında biz bu muzeyi açanda orada əsasən Çernobıl yanğınsöndürənlərinə həsr edilmiş cəmi 250-yə yaxın eksponat – həmin yanğınsöndürənlərin şəxsi sənədləri, həyat tarixçələri və fotoşəkillər vardı idi.
Anna Korolevskayanın sözlərinə görə, muzeyin əsas missiyası insanları bu dünyada yaşamağa, planetimizi qoruyub saxlamağa öyrətməkdir. “Çernobıl” Milli Muzeyinin elmi direktoru deyib: “Bizim əsas missiyamız - qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və bu zaman özləri zərər çəkmiş minlərlə insanın taleyi nümunəsində fəlakətin nəticələrinin miqyasını bütün insanların anlamasına kömək etmək və gələcəkdə dünyada belə səhvlərin bir daha təkrarlanmasına yol verməməkdir”.
A.Korolevskaya Çernobıl qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş azərbaycanlılar haqqında bunu qeyd edib ki, qəzadan sonrakı ilk və ən mürəkkəb dövrdə onun nəticələrinin aradan qaldırılmsı üçün bütün Sovet İttifaqından 350 min insan, o cümlədən Azərbaycandan 7 min nəfər cəlb edilmişdi.
Muzeyin ekspozisiyasında 9 minə yaxın eksponat var. Bunlar məxfiliyi götürülmüş sənədlər, xəritələr, fotoşəkillər, Polesye diyarına aid xalq memarlıq abidələridir. Bu sənədlər təcrid olunmuş Çernobıl zonasına ekspedisiyalar zamanı toplanıb. Burada həmçinin qəza və onun nəticələri barədə nadir video-materiallar da saxlanılır.
Rüstəm Məmmədov
Kiyev