SİYASƏT
Kiyevin bir sıra məktəblərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilmişdir
Kiyev, 29 dekabr (AZƏRTAC). Kiyevin 37, 188, 247, 291 nömrəli məktəblərinin Azərbaycan dili siniflərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbirlər keçirilmişdir. Şagird və müəllimlərin qatıldıqları həmin tədbirlər Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzinin banisi, tanınmış idmançı, məşqçi və mesenat Oleq Krapivinin başçılıq etdiyi “Beynəlxalq Azərbaycançılıq İnstitutu” ictimai təşkilatı tərəfindən təşkil edilmişdir.
Azərbaycan dili müəllimi Səfayə Naibova ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən, dünya azərbaycanlılarının həmrəyliyinin və birliyinin təcəssümü olan bu əlamətdar bayramın tarixindən söz açmışdır.
Oleq Krapivin təbrik iştirakçılarını Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, Kiyev vilayətinin İrpen şəhərində, Ukrayna Vergilər Xidmətinin Milli Universitetinin idman zalında ümummilli lider Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 20 illiyinə həsr olunmuş gənclərin sərbəst güləş üzrə III Beynəlxalq turnirindən söz açmışdır.
Yarışlar Azərbaycanın Kiyevdəki səfirliyinin, Ukrayna Təhsil, Elm, Gənclər və İdman Nazirliyinin və Ukrayna Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilmişdir. Atletlərimiz yarışlarda komanda hesabında birinci yeri tutmuşlar.
Kiyev məktəblərində tədbirlər O.Krapivinin uşaqlara və onların müəllimlərinə Yeni il hədiyyələri təqdim etməsi, habelə həmvətənlərimizin də iştirak etdikləri konsertlərlə başa çatmışdır.
Zeynal Ağazadə
AZƏRTAC–ın xüsusi müxbiri
Kiyev