MƏDƏNİYYƏT
Klassik balet sənəti ulduzları Olqa Qayko və İqor Onoşko “Qu gölü” baletində
Bakı, 22 noyabr, AZƏRTAC
Uzun illərdən bəri formalaşmış yaradıcılıq ənənələrinə əməl edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı cari teatr mövsümündə də opera və balet sənəti ulduzlarının iştirakı ilə parlaq tamaşalar təqdim etməyi nəzərdə tutur. Bu sıradan növbəti tamaşa noyabrın 22-də baş tutacaq P.Çaykovskinin “Qu gölü” baletinin tamaşasıdır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada əsas rolları klassik balet sənəti ulduzları – Belorus Akademik Böyük Teatrının aparıcı solistləri, bu ölkənin Xalq Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Olqa Qayko və Belorus Respublikası prezidentinin xüsusi fondunun mükafatçısı İqor Onoşko ifa edəcəklər.
Hər iki sənətçi hazırda Avropanın ən populyar və dəbdə olan balet ulduzlarından sayılır. Onlar London, Paris, Sürix, Münhen, Amsterdam və Avropanın bir sıra digər paytaxt şəhərlərində uğurlu qastrol səfərlərində olublar. 2008-ci ildə Tokioda keçirilən Beynəlxalq balet sənəti festivalında bu cütlük “Qu gölü” baletində əsas partiyaların ən yaxşı ifaçıları üçün təsis edilmiş mükafata layiq görülüblər.