ELM VƏ TƏHSİL


Klassik mədəni irsimizin öyrənilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 7 may, AZƏRTAC

1970-ci illərdə respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından yeni mərhələ başlandı. Həmin mərhələ xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz o illərdə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı tədqiqatlar aparıldı, sanballı elmi əsərlər ortaya qoyuldu. Eləcə də böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı Heydər Əliyevin gerçəkləşdirdiyi işlər bu şairin irsinin yeni təfəkkür qatına, milli şüur və yaddaşa bədii-estetik çalar qatmasını izləməyə imkan verir. Həmin vaxta qədər Nəsimi “Divan”ı yalnız bir dəfə, görkəmli ədəbiyyatşünas Salman Mümtaz tərəfindən, 1926-cı ildə ərəb əlifbası ilə çap olunmuşdu. 1972-ci ildə türkmən ədəbiyyatşünası Qullayev həmin “Divan”ın dili üzərində müəyyən türkmənləşmə əməliyyatı apararaq yenidən çap etdirmiş, şairi türkmən ədəbiyyatının klassiki kimi təqdim etmişdi. Ancaq Heydər Əliyevin müdaxilə və müqaviməti nəticəsində bu saxtalaşdırma siyasəti uzun çəkmir, rəsmi dairələrdə tanınmasına yol verilmir və şairi Azərbaycan ədəbiyyatının dəyərli klassiki kimi tanıtmaq, təbliğ etmək yönündə davamlı tədbirlər planı start götürür. Heydər Əliyevin Sərəncamı əsasında 1973-cü ilin 13 sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi keçirildi. Elə həmin il Həmid Araslının tərtibatı ilə Nəsiminin “Divan”ı çap olundu. Bütün ölkə Nəsimi əhval-ruhiyyəsində oldu, şairin şəkli həmin dövrdə çap olunan bütün ölkə qəzetlərinin loqosuna çevrildi. Şairin əsərləri ingilis və fransız dillərinə tərcümə edildi, haqqında xarici ölkələrin və beynəlxalq təşkilatların mətbuat orqanlarında bir neçə məqalə çap olundu. UNESCO-nun “Kuryer” jurnalında Nəsimi haqqında məqalə dərc edildi. Heydər Əliyev Nəsiminin yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə nail oldu. 1980-ci ilin fevral ayında Bakının mərkəzi parklarından birində Nəsiminin abidəsi qoyuldu və heykəlin açılış mərasimində şəxsən özü iştirak etdi. Beləcə, sovet ideologiyasının birbaşa marağında olduğu Nəsimini milli ədəbi-tarixi yaddaşdan çıxdaş etmək niyyətinin qarşısı böyük siyasətçi tərəfindən alındı.

Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, dosent Elnarə Akimovanın Heydər Əliyev və ədəbiyyat mövzusuna həsr etdiyi məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Heydər Əliyev - milli ədəbiyyatımızın faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. O, əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Bu baxımdan minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu. Milli müstəqilliyi qazandığımız 1990-cı illərdə deyil, eləcə də hakimiyyətdə olduğu sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi elə buradan başlayır.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin irsinə də Heydər Əliyev münasibəti konseptual səciyyə daşıyırdı. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. 1982-ci ilin 15 yanvarında Şuşada M.P.Vaqif məqbərəsinin açılışı Heydər Əliyev üçün əbədiləşən tarixi yaddaş baxımından əhəmiyyətli idi.

Ulu Öndərin üzərinə düşən missiya çətin idi. O, fəaliyyətinə güdaza verilmiş dəyərlərin, itirilən meyarların bərpası kontekstində başladı. Böyük liderin ədəbiyyatda gerçəkləşdirdiyi işlər, klassiklərə qayıdış, milli ədəbiyyata güvənc hissinin qabarıqlığı sistemin yaratdığı mif anlayışını yazıçı düşüncəsində heçə endirir, onun tənəzzülünü labüdləşdirirdi. İslahatlar ədəbi-mədəni həyatımızın bütün sferalarına sirayət etdikcə milli mənlik şüuru önə keçir, milli məfkurə işığı dalğalanmağa başlayırdı. Bu mənada 1990-cı illərdə insanların öz azadlığını qazanması üçün meydana axışması, haqqını geri almaq təşnəsi birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər dərinlərə işləyib mövcudluğunu iki onillik əvvəldə, Heydər Əliyev dühasının imkan verdiyi azad söz zamanında, sovet ədəbiyyatı daxilində yaranmağa cəsarət etmiş hürr duyğulu, millət problematikalı poeziya mətnlərində tapır. Bunu meydanda olan faktlar deyir: Nəriman Həsənzadə “Heydər Əliyevin şəxsində mən “Bütün Şərq bilsin” pyesinin qəhrəmanını, Nəriman Nərimanovun prototipini görürdüm”, - yazır, Qabil qeydlərinin birində “Ömür həbləri” romanında Heydər Əliyevin də obrazını düşündüyünü bildirir. Mövlud Süleymanlı “Dəyirman” povestinin 1970-ci illərin sağlam, doğma ab-havanın məhsulu kimi meydana çıxdığını və üstəlik əsərlə bağlı “Azərbaycanı bürüyən” hücumdan onu Heydər Əliyevin qoruduğunu dilə gətirir. Bu məqam İsa Hüseynovun, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Anarın, Elçinin mətbu etiraflarında da yer alır.

Önəmli bir faktın - 1978-ci ildə Heydər Əliyevin səyi nəticəsində dəyişdirilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himni məsələsi üzərində dayanmaq istəyirəm.1945-ci ildə Səməd Vurğun və Süleyman Rüstəmin müəllifliyi ilə yaradılmış Azərbaycan Sovet Sosialist Respublikası Dövlət Himninin sözlərinin müəlliflər cərgəsinə Hüseyn Arifin də qoşulması ilə 1978-ci ildə yeni redaksiyada işlənildi. Qəribədir, Stalinin adı Azərbaycan himnindən məhz 1978-ci ildə rəsmən çıxarıldı. “Rəhbərimiz Stalindir - bizim həyat növrağımız” misrası Azərbaycan himninin mətnindən Stalindən 25 il sonra məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə çıxarıldı ki, bu da tarixi bir qanunauyğunluğun göstəricisi idi. Təbiidir, əgər himnin sözlərində Stalinin adı keçirdisə, demək ki, himnimiz 1956-cı ildən, Stalinin şəxsiyyətə pərəstişi ifşa ediləndən sonra oxunmayıb. Stalinin adının himndən çıxarılması ilə himn yenidən dövriyyəyə qaytarılırdı və bu müstəqil olmasa da, hər halda respublika şəklini qoruyub saxlayan Azərbaycan üçün mühüm mənəvi əhəmiyyət kəsb edirdi.

Bu məqamda bir məsələni də vurğulamağa ehtiyac var. Heydər Əliyev yalnız qorumurdu, yalnız himayə etmirdi, yalnız cəsarət aşılamırdı. O, həm də sahib çıxmağı bacarırdı. Gücünün yetdiyi qədər milli-mənəvi dəyərlərin qorunmasında fədakarlıq göstərirdi. Böyük şairimiz Məhəmməd Füzuli ilə bağlı Heydər Əliyevin qatlaşdığı çətinliklər və onun bu istiqamətdə əzmkar fəaliyyəti fikirlərimizə əyani sübutdur. Heydər Əliyevin Füzulinin qəbrinin qorunması və məqbərəsinin tikilməsi ilə bağlı gördüyü çoxyönlü işlər - SSRİ XİN qarşısında qaldırdığı məsələ, Bağdaddakı səfirlik ilə yazışmaları, ölkə ziyalıları ilə danışıqları və s. bu kimi yorulmaz, inadlı və əzmkar mübarizələri bu siyasi liderdən hər cür yüksək məzmunda danışmağa əsas verir.

Heydər Əliyev siyasətinin dissident ruhu 1982-ci ildə daha bir müdhiş hadisə ilə nəhayətsiz miqyas aldı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin Sibir çöllərindən vətənə gətirilməsi haqda Sərəncam verdi Heydər Əliyev. Bu hadisəni Heydər Əliyevin siyasi fəaliyyətinin şah əsəri saymaq olar. Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedirdi. 1982-ci il. Sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi. Rəsmi sənədlər üzərində bəraətlər verilib, amma düşüncədə hələ də repressiya havası, qorxu və ürpərtisi davam edirdi. Dildə repressiyaya məruz qalanlar haqda gerçəklər tüğyan edirdi, amma kağız üzərində yanlış elmi-ədəbi yalanlar meydan sulayırdı. Çünki xof hələ çəkilməmişdi, ideoloji yanlışlığa uğrama qorxusu gerçəklərdən daha öndə idi. Heydər Əliyev Cavidin nəşini vətənə qaytarmaqla, ilk növbədə, qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu.

1982-ci ildə Cavidin qayıdışı ilə milli mədəniyyətin türkçülük istiqamətində yeni epoxası başlayır. Bu, həm də Heydər Əliyev siyasətinin 69-cu ildən bəri xalqın mənəvi dirçəlişinə, ictimai özünüdərk və milli təfəkkür oyanışına doğru addım-addım gəldiyi yolun qanunauyğun sonucu kimi meydana çıxır.

1970-1980-ci illər Azərbaycan ədəbiyyatı Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın ilhamçısı və icraçısıdır. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı simadır Heydər Əliyev. Sovet epoxası daxilində bütün ölkə miqyasında sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla müasir ədəbiyyatın özünün bədii-fəlsəfi ənənəsi arasında əlaqə, körpü rolunu Heydər Əliyev icra etmişdir.

1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Öz haqqının sahibi olmaq zamanı çatmışdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan olundu. Amma bu o qədər də asan başa gəlmədi. Bunun üçün millət 1990-cı ilin 20 Yanvarında sınaq imtahanı verdi. Sonra Xocalı soyqırımı, ard-arda itirilən ərazilər, ölkə daxilində başlanan xaos, siyasi çəkişmələr, hərc-mərclik, şəxsi ambisiyaların tüğyan etməsi... Yeni liderin gəlişinə, xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Milli-mənəvi həyatımızda hökm sürmüş xaos və stixiyadan sonra Dahi işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını kosmik ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi. İbrətlidir ki, tarix bu şansı digərinə deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına çevirmiş Seçilmişinə həvalə etdi.

Heydər Əliyev əvvəlki inadla millətin yaddaş kultuna həssas yanaşmaqda davam etdi. 1990-cı illərdə dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli etdi. Daha sonra bu missiya klassik sənətkarlarımızın taleyinə münasibətdə davamını tapmağa başladı. Məhəmməd Füzulinin külliyyatı altı cilddə nəşr edildi. Haqqında sanballı elmi monoqrafiyalar, tədqiqat əsərləri ortaya qoyuldu. Yubileyi həm Azərbaycanda, həm bütün türk-islam aləmində, həm də Rusiya və Avropada böyük təntənə ilə keçirildi.

Heydər Əliyevin müasir ədəbiyyat kontekstində yerinə yetirdiyi “yaradıcılıq” missiyasının realizəsi bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla bağlı idisə, digər tərəfdən, çağdaş ədəbi prosesi gəlişdirmək məqsədilə atılan bir sıra addımlarla əlamətdar oldu; yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: “Azərbaycan”, “Literaturnıy Azerbaydjan”, “Ulduz”, “Qobustan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin Azərbaycan Prezidentinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.

Biz ümummilli liderin vətən, yurd, xalq adına gördüyü nəhayətsiz əməllərdən bəhs etdik.

Bu gün Heydər Əliyev həm də İlham Əliyevin simasında yaşayır, əbədi davam edən tarixə çevrilir. Qırx dörd günlük Zəfər salnaməsinin hər səhifəsində Heydər Əliyevin rolu, gücü, iradəsi olduğu danılmaz faktdır. Çünki Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə qazandığı ən böyük nailiyyət məhz buna yetmək olmuşdur: milli varlığın idrak məqamına! O, dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu və kifayət qədər ibrətamizdir ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih etmir. Çünki yüzilliklər keçəndən sonra tarix daha çox həqiqətin dilində danışır. Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk azərbaycanlı oldu. Bu mənada, yüzilliklər keçəndən sonra da tarix Azərbaycan barədə qurucunun, baninin, ümummilli liderin, yəni Heydər Əliyevin üslubunda danışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.