MƏDƏNİYYƏT


Klassik musiqinin beşiyi Vyanada gənc azərbaycanlı dirijorun uğuru

Vyana, 24 iyun, AZƏRTAC

İyunun 23-də Vyanada zəngin klassik musiqi ənənələri ilə tanınan Vyana Musiqi Cəmiyyətinin Mədəniyyət Evinin “Qızıl zalı”nda dirijor, bəstəkar və pianoçu Abuzər Manafzadə diplom konserti ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, dünyanın ən tanınmış konservatoriyaları sırasında öncül yeri olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin Dirijorluq fakültəsinin ilk azərbaycanlı məzunu adını qazanan A. Manafzadə konsertdə ifa üçün Azərbaycan simfonik musiqisinə üstünlük verib. Onun dirijorluğu ilə Avstriyanın tanınmış orkestrlərindən olan Vyana Radio Simfonik Orkestri dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kürd Ovşarı” simfonik muğamı və “Azərbaycan kapriççiosu” əsərini ifa edib.

Dahi bəstəkarın 1948-ci ildə bəstələdiyi “Kürd Ovşarı” simfonik muğamı məhz bu konsertdə ilk dəfə avstriyalı dinləyicilərə təqdim olunub və alqışlarla qarşılanıb. Konsertdə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu“ simfonik əsəri də böyük maraq doğurub. 1961-ci ildə bəstələnən, Azərbaycan xalq musiqisinin çalarları ilə zəngin, ekzotik və ritmik melodiyaları ilə sonsuz fantaziya və müsbət emosiyalara yol açan əsər xüsusi maraq və alqışlara səbəb olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bu il görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi dünyanın müxtəlif ölkələrində təntənəli şəkildə qeyd olunur. Görkəmli bəstəkarın 100 illik yubileyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Diplom konsertində Azərbaycan klassik musiqisini tanıtmaq kimi vətənpərvər bir missiyanı qarşısına qoyan A. Manafzadə əsər seçimi ilə klassik musiqi məbədlərindən sayılan “Qızılı zal”da dahi bəstəkarın yubileyinə də öz töhfəsini verib.

Digər məzunların dirijorluğu ilə konsertdə, həmçinin bəstəkarlar Rixard Ştraus, Rixard Vaqner və Anton Vebernin əsərləri səsləndirilib. İki min nəfərlik tutumu olan zaldakı konsertin tanıtım və reklamı “Vyana Musiqi Cəmiyyəti” Mədəniyyət Evi ilə yanaşı, Vyana Musiqi və Səhnə Sənətləri Universiteti və Avstriya Teleradiosu (ORF) tərəfindən həyata keçirilib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.