SİYASƏT
Klaudio Kajado: Braziliya Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti, deputat Klaudio Kajado ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, deputat K.Kajado Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb, ölkəmizin əldə etdiyi böyük nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayıb. O, Braziliyanın Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edib.
Səfir E.Sultanov müstəqilliyimizin bərpasından ötən 25 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolu və bütün sahələrdə qazandığı böyük uğurlardan bəhs edib. O, Azərbaycan ilə Braziliya arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün potensialın olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Elnur Sultanov, həmçinin Braziliya Senatında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti, senator Kristovam Buarke ilə görüşüb.
Senator K.Buarke Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. O, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında xüsusi rolunu və multikulturalizm sahəsində zəngin təcrübəsini vurğulayıb.
E.Sultanov ötən 25 ildə Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycan-Braziliya parlamentlərarası əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.