DÜNYA
Klaviatura formasında kompüter hazırlanıb
Bakı, 24 iyun, AZƏRTAC
Adi kompüterlərin hamısı, demək olar, eyni görünüşə malikdir: böyük korpus, monitor, klaviatura və "maus". Bu komponentlər böyük yer tutur, həmçinin mobil deyil və böyük miqdarda enerji sərf edir. Honkonqun "Acute angle" şirkəti bu stereotipi dəyişdirmək qərarına gəlib. Mühəndislər bütün əsas kompüter modullarını korpusdan ayıraraq onları yığcam klaviaturanın daxilində yerləşdiriblər.
AZƏRTAC "techcult.ru" saytına istinadən xəbər verir ki, "K2" mini-kompüteri "PCB" sistem lövhəsi, "Intel" prosessoru, videonüvə, 8 giqabaytadək (QB) əməli yaddaş, 128 QB-dək sərt disk və çoxlu portlarla təchiz edilib. Ən qabaqcıl (həm də ağır) modelin çəkisi 450 qramdır.
Klaviatura formasında hazırlanmış kompüter yığcam olmaqla yanaşı, həm də az enerji sərf edir. Məsələn, "K2" modeli 10 Vatt elektrik enerjisi sərf edir. Masaüstü kompüterdə bu göstərici 60-80 Vattdır. Bunun sayəsində, "Acute angle" şirkətinin bütün modelləri soyutma sisteminə ehtiyac duymur və kuler olmadan yığıla bilər. "K2" modeli "Windows 10 Home" əməliyyat sistemini dəstəkləyir.