CƏMİYYƏT


Kliniki Tibbi Mərkəzdə ilk dəfə icbari tibbi sığorta vasitəsilə laparoskopik total qastrektomiya əməliyyatı icra edilib

Bakı, 29 iyul, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Kliniki Tibbi Mərkəzdə (KTM) ilk dəfə icbari tibbi sığorta vasitəsilə tam laparoskopik total qastrektomiya əməliyyatı icra edilib.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, 66 yaşlı vətəndaş üzərində aparılan və 8 saat davam edən cərrahi əməliyyat uğurla başa çatıb. Mərkəzin Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənovun sözlərinə görə, əməliyyat zamanı xəstədə hər hansı ağırlaşma müşahidə edilməyib:

“Pasiyent KTM-ə qanayan mədənin kalloz yarası diaqnozu ilə müraciət edib. Müayinələr zamanı mədə cismini tutan böyük ölçülü kalloz yara aşkarlandı və qanaxma davam etdiyi üçün xəstə tam müayinə edilmədən təcili cərrahi əməliyyata götürüldü. İcbari tibbi sığorta yolu ilə biz ilk dəfə tam laparoskopik total qastrektomiya əməliyyatını həyata keçirdik və əməliyyat kifayət qədər uğurlu oldu”.

Cərrahi əməliyyat keçirən 1956-cı il təvəllüdlü Aybəniz Hüseynovanın sözlərinə görə, diz ağrısının qarşısını almaq üçün istifadə etdiyi dərmanların ağır fəsadları nəticəsində bu vəziyyətə düşüb:

“Deyilənə görə, əməliyyatım 8 saat davam edib. İndi özümü çox yaxşı hiss edirəm. Burada göstərilən tibbi xidmətdən çox razı qaldım. Əməliyyatımın yaxşı keçdiyi üçün demirəm, həqiqətən bütün tibb personalı işini çox yaxşı görür. Bütün əməliyyatın, müayinə və müalicələrin xərcləri icbari tibbi sığorta tərəfindən qarşılandı. Bu cür xidmətə, çəkdikləri əziyyətə və diqqətə görə hər kəsə çox təşəkkür edirəm”.

Qeyd edək ki, əməliyyat keçirən A.Hüseynovanın cərrahi əməliyyatdan sonrakı müalicəsi də bitdiyinə görə evə buraxılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.