SİYASƏT


Klivlend şəhərinin meri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb

Bəyannamədə 2018-ci il 28 may tarixi Klivlend şəhərində Azərbaycan Günü elan edilib

Vaşinqton, 26 may, AZƏRTAC

ABŞ-ın Ohayo ştatının Klivlend şəhərinin meri Frenk Cekson Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı rəsmi bəyannamə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bəyannamədə F.Cekson Klivlend şəhərinin vətəndaşları adından Klivlend şəhərində 2018-ci ilin 28 may tarixini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini elan etməkdən qürur duyduğunu bildirir. Həmçinin 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Sənəddə vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində irqi, cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara bərabər siyasi hüquqların verilməsini təmin edib.

Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər İttifaqı tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Sonda qeyd olunur ki, Klivlend müxtəlif millətlərin yaşadığı şəhərdir, burada yaşayan azərbaycanlıların töhfəsi yüksək qiymətləndirilir və təqdir olunur.

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində dünyada yaşayan milyonlarla və Klivlend şəhərində yaşayan bir çox azərbaycanlı tərəfindən 28 May tarixi Milli Gün olaraq qeyd ediləcək. Hər bir azərbaycanlı öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrini xatırlayacaq.

Şəhərin meri F.Cekson bəyannamədə 2018-ci il 28 may tarixini Klivlend şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Günü elan edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.