SİYASƏT
Kocaelinin Körfəz şəhər bələdiyyəsinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Türkiyənin Kocaeli vilayətinin Körfəz şəhər bələdiyyəsinin sədri İsmayıl Baranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə noyabrın 2-də AZƏRTAC-da görüş keçirilib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin böyük tarixə malik olduğunu bildirib. Vurğulayıb ki, dövlət başçıları İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında şəxsi dostluq münasibətləri ölkələrimizi və xalqlarımızı bir-birinə daha sıx bağlayır. Ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də əlaqələr yüksək səviyyədədir. AZƏRTAC və Anadolu uzun illərdir həm ikitərəfli qaydada, həm də beynəlxalq media qurumları çərçivəsində sıx əməkdaşlıq edir, geniş informasiya mübadiləsi aparırlar.
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq Körfəz şəhərində “Xocalı şəhidləri” abidəsinin ucaldılmasının ölkəmizdə rəğbətlə qarşılandığını və yüksək qiymətləndirildiyini qeyd edən Aslan Aslanov Körfəz bələdiyyəsinin sədri İsmayıl Barana bu təşəbbüsə, habelə azərbaycanlı tələbələrə göstərilən yardıma görə minnətdarlığını bildirib.
İsmayıl Baran iki qardaş ölkənin hər zaman bir-birini sıx dəstəklədiyini, Türkiyə və Azərbaycan arasında əlaqələrin digər dövlətlər üçün nümunə olduğunu deyib. Türkiyənin Xocalı soyqırımını heç vaxt unutmayacağını deyən bələdiyyə sədri “Xocalı şəhidləri” abidəsinin bu faciənin gələcək nəslin yaddaşında həkk olunması məqsədilə ucaldıldığını vurğulayıb.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, Kocaeli şəhərindəki Heydər Əliyev Mədəniyyət Evində ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımını və terror aktlarını əks etdirən muzey fəaliyyət göstərir. Muzeydə bununla bağlı çoxsaylı sənədlər və fotolar toplanıb.
Bilal Dündar Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının fəaliyyətini mütəmadi işıqlandırdığına görə AZƏRTAC-ın rəhbərliyinə minnətdarlığını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.