QAN YADDAŞI
Koceli şəhərinin Körfəz rayonunda Xocalı Soyqırımı abidəsi açılıb VİDEO
Bakı, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq Türkiyənin Koceli şəhər Körfəz rayonunda “Xocalı şəhidləri” abidəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, abidənin açılışında Körfəz bələdiyyəsinin sədri İsmail Baran, Körfəz rayonunun icra nümayəndəsi Hasan Hüseyn Can, Koceli valisinin müavini Osman Ekşi, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və “Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımını XX əsrin ən böyük cinayəti adlandırıblar. Natiqlər qeyd ediblər ki, bu gün dünyanın böyük gücləri qondarma soyqırımını beynəlxalq ictimaiyyətə qəbul etdirməyə çalışırlar. Ancaq günahsız körpələrin və qadınların amansız qatilinə çevrilmiş erməni terrorçularının cinayətkar əməllərinə göz yumurlar.
Körfəz bələdiyyəsinin sədri İsmail Baran qeyd edib ki, Xocalı soyqırımı təkcə Azərbaycanın dərdi deyil, ümumilikdə, türk dünyasının ortaq faciəsidir. O, Xocalı soyqırımından təsirlənərək yazdığı şeiri səsləndirib.
Çıxışlardan sonra abidə önündə şəhidlərin ruhuna dualar oxunub.
Xocalı soyqırımının anım tədbiri daha sonra Körfəz mədəniyyət mərkəzində davam edib. İclasda çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib ki, dünya tarixində daim türklərə qarşı düşmənçilik olub. Xocalı soyqırımı da bu düşmənçiliyin bir nümunəsidir. Yalnız böyük türk xalqı heç bir zaman ona qarşı olan hücumlardan yorulmayıb, daim mübarizəsini davam edib.
Sonra Xocalı faciəsinin şahidləri, Qarabağ əlilləri Azər Quliyev və Aqil Məmmədov o faciəli gecənin dəhşətli anlarından bəhs ediblər. Bildirilib ki, o zaman Azərbaycan bu mübarizəsində tək idi. Xocalı sakinləri ata-baba yurdlarını düşmənə verməmək üçün ən son ana kimi şəhərdən çıxmadılar. Onlar müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Müharibə iştirakçılarının sözlərinə görə, ermənilər qətlə yetirdiyi insanları tanınmaz hala salırdılar. Onların ayaqlarına məftillər bağlayıb tanklarla sürüyürdülər.
Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək bildirib ki, bu cür soyqırımları müxtəlif tarixlərdə türklərin başına gətirilib. 1915-ci ildə analoji hal Qarsda, Ərzurumda olub. Bu səbəbdən bütün türk xalqları birlik olmalı və düşmənə qarşı birgə mübarizə aparılmalıdır.