REGİONLAR


Köç yaylaqdan qışlağa qayıdır - FOTO VİDEO

Laçınlı məcburi köçkünlər sürülərini yaylaqdan Arana gətirirlər

Ağcabədi, 22 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Yaz-yay mövsümünü yaylaqda keçirən köçəri heyvandarlar havaların soyuması ilə əlaqədar sürülərini Arana - qışlağa gətirirlər. Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda sürülər-naxırlar Laçından bu yerlərə gətirilirdi. Lakin 27 ildir ki, Taxtakörpüdə qalmağa məcbur olan laçınlılar doğma yurdlarına – 1992-ci ildən Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Laçın rayonuna qayıda bilmirlər. Heyvandarlıqla məşğul olan laçınlı məcburi köçkünlər 1992-ci ildən bəri Daşkəsən, İsmayıllı və Goranboy rayonları ərazisindəki yaylaqlara köç edirlər.

Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Ədalət Cəbrayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il 109 laçınlı ailə Daşkəsən, 15 ailə İsmayıllı, 8 ailə isə Goranboy rayonları ərazisindəki yaylaqlarına köç edib. Yaylaqlara, ümumilikdə, 2738 baş iribuynuzlu, 13 min 645 baş xırdabuynuzlu heyvan aparılıb. May ayında yaylağa gedən köç oktyabrın əvvəllərindən başlayaraq qışlağa - Taxtakörpüyə qayıdır.

Təsadüf etdiyimiz növbəti köç Taxtakörpüdəki Laçın obalarına doğru irəliləyirdi. İndi təsərrüfat sahibləri mal-qaranı yaylağa-qışlağa əsasən yük avtomobilləri vasitəsilə aparsa da, köç vərdişi ənənəsinə sadiq qalanlar sürünü otara-otara gətirirlər. Günlərlə davam edən köç həm heyvanları, həm də çobanları yorub əldən salsa belə, yayı güllü-çiçəkli, bol otlu, buz bulaqlı, havası sərin olan saf yaylaqlarda keçiriblər.

Laçın rayon Ağbulaq kənd sakini Rövşən Qəmbərov köç həyatı ilə bağlı deyib: "Köçəri heyvandarlıq bizə dədə-babadan qalıb. Laçında olan vaxt heyvanlarımızı gözəl yaylaqlarımızda saxlayırdıq. O yerlərin havası, suyu, bitki örtüyü heyvandarlıq üçün çox əlverişli idi. Yayı Laçındakı yaylaqlarımızda, qışı isə Taxtakörpüdəki qışlaqlarımızda keçirərdik. Laçın rayonu işğal olunandan sonra isə Taxtakörpüdə məskunlaşdıq. İndi mal-qaranı Daşkəsən yaylaqlarına aparır, payızadək orada qalırıq. Daşkəsənin yaylaqları bizim Laçını xatırladır. Qoyunlar çayların sərin suyundan içib, kəklikotulu, güllü-çiçəkli çəmənliklərdə otlayırlar. Yaylaqda olarkən heyvanlar qızdırma xəstəliyinə tutulmur, kökəlirlər. Qoyunlarda mayalanma yaxşı gedir, artım yüksək olur. Sürü yay fəslini Aranda qalanda isə qoyunlarda qısırlıq yaranır. Biz özümüz də sərin dağ havasına öyrəşdiyimiz üçün yayı Aranda qalmağa çətinlik çəkirik. Odur ki, hər il yay fəslini Daşkəsən yaylaqlarında keçiririk”.

Kəndin digər sakini Abbas Bəxtiyarov bildirib ki, yaylağa may ayının 15-də gedir, oktyabrın əvvəllərindən geri qayıdırlar. "Heyvanların qışı yaxşı keçirmələri üçün gərək yayda onların qidalanmasına nəzarət edəsən. Yaylaqda qoyunlar yaxşı bəslənilir. Qoyunun südündən pendir hazırlayırıq. Həm tutduğumuz pendirin, həm də qoyun-quzuların satışından ailə xərclərimizi qarşılayırıq”.

Samaya Bəxtiyarova isə yaylaqda keçirdikləri həyat tərzindən danışıb: “Hər il yay fəslini yaylaqda keçiririk. Çadır qurur, yeməyi ocaqda, yuxanı sacda bişiririk. Qırxbuğum, cincilim, yarpız, əvəlik və digər bitkilərdən yığıb kətə, dovğa bişiririk. Samavar qaynadır, kəklikotundan, dağ otlarından çay dəmləyib içirik. Heç nədən kasadlığımız olmur. Qoyunu sağır, yağ, pendir hazırlayır, arana qayıdanda özümüzlə gətiririk".

Laçınlı məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunsalar da, onlar üçün Taxtakörpüdə, həmçinin yay fəslini keçirmələri üçün Daşkəsən yaylaqlarında şərait yaradılsa da, Vətən niskili, yurd həsrəti ilə yaşayırlar. İnanırlar ki, hələlik Daşkəsən, İsmayıllı, Goranboy yaylaqlarına gedən bu köç tezliklə doğma Laçın dağlarına da qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.