DÜNYA
“Köçərilərin torpağı” ilin ən yaxşı dramatik filmi kateqoriyasında “Qızıl qlobus” aldı
Bakı, 1 mart, AZƏRTAC
Xloya Çjaonun “Köçərilərin torpağı” filmi “İlin ən yaxşı dramatik filmi” kateqoriyasında “Qızıl qlobus” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Hollivudun Xarici Mətbuat Assosiasiyası tərəfindən təsis olunan mükafatın təqdimetmə mərasimi NBC telekanalı vasitəsilə yayımlanıb.
Bu kateqoriyada, həmçinin Devid Finçerin “Mank”, Florian Zellerin “Ata”, Aaron Sorkinin “Çikaqo yeddiliyinin məhkəməsi” və Emirald Fennelin “Ümidverici qız” filmləri də nümayiş olunub.
“Köçərilərin torpağı” filminin qələbəsi kino premyerası üçün tarixi nailiyyət olub: “Variety” profil nəşri qeyd edir ki, dramatik film üçün əsas mükafata ilk dəfə olaraq qadın rejissorun əsəri layiq görülüb, Xloya Çjaonun özü isə “Ən yaxşı rejissor” kateqoriyasında “Qızıl qlobus” mükafatını alan ikinci qadın olub.
Qeyd edək ki, “Qızıl qlobus” mükafatı 1944-cü ildən etibarən hər il təqdim olunur. O, ABŞ Kino Akademiyasının “Oskar”ı ilə yanaşı kino aləminin ən nüfuzlu mükafatı hesab edilir.
Müsabiqə bu il pandemiya səbəbindən yeni formatda keçirilib: aparıcılar təqdimetmə mərasimini Los-Anceles və Nyu-Yorkda yerləşən fərqli meydançalardan idarə edib, mükafatın qalibi isə yayıma distant qoşulub.