CƏMİYYƏT


Köhnə avtomobillərlə bağlı qərar atmosfer havasının keyfiyyətinə müsbət təsir edəcək

Köhnə avtomobillərlə bağlı qərar atmosfer havasının keyfiyyətinə müsbət təsir edəcək

Bakı, 31 mart, AZƏRTAC

Nazirlər Kabineti tərəfindən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar, sözsüz ki, həm avtomobil parkının köhnəlməsinin qarşısının alınmasına, həm də atmosfer havasına mənfi təsirlərin azalmasına səbəb olacaq. Müəyyən müddətdən sonra bu qərar atmosfer havasının keyfiyyətində müsbət dəyişikliklərə gətirib çıxaracaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarə rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, atmosferə atılan tullantıların böyük bir hissəsi nəqliyyat vasitələrinin payına düşdüyü üçün bu sahə üzrə daha mütərəqqi metodların tətbiqi, təbiətə dost nəqliyyat vasitələri təşviq edilməlidir: “Elektromobillərin, hibrid nəqliyyat vasitələrinin, havanı daha az çirkləndirən tullantısız və ya az tullantılı avtomobillərin ölkəyə gətirilməsinin təşviqi, sıxılmış qazla işləyən avtomobillərin sayının artırılması, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin minimuma endirilməsi, mühərriki kiçikhəcmli avtomobillərə üstünlük verilməsi günümüzün ən aktual məsələlərindəndir Ölkəmizə çoxlu sayda xaricdə istehsal olunmuş köhnə avtomobillər gətirilir ki, onların əksəriyyəti standartlardan aşağı parametrlərə malikdir. Həmin avtomobillər məhz o ölkələrdən gəlir ki, orada ən yüksək standartlar tətbiq edilir.

Deməli, həmin nəqliyyat vasitələrinin texniki göstəriciləri standartlara cavab vermədiyindən onların böyük şəhərlərdə istismarına qanunla yol verilmir. Sahibləri isə bu avtomobilləri ən yaxşı halda satmaqla öz ölkələrində ekoloji problemlərin həllinə nail olmağa çalışırlar. Həmin qərar digər ölkələrdə istifadəsi məhdudlaşdırılan avtomobillərin ölkəmizə axınının, eləcə də, atmosfer havasının çirklənməsinin qarşısını alacaq”.

N.Mahmudovun fikrincə, hazırki dövrdə ola bilsin ki, həmin qərarın nəticələri o qədər də hiss olunmasın, lakin müəyyən vaxt keçdikdən sonra bu addımın atmosfer havasının keyfiyyətində müsbət dəyişikliklərə səbəb olacağı müşahidə ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.