REGİONLAR


Köhnə əşyalar, yoxsa tarixin izi – Gəncədən reportaj VİDEO

Gəncə, 6 iyul, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycanda kolleksiya toplama məşğuliyyəti Qərb dövlətlərindən fərqli olaraq çox da populyar deyil. Lakin ölkəmizdə azda olsa, bu işlə məşğul olan insanlar var. Belə kolleksiyaçılardan biri də Gəncədə yaşayan Mobil Cahangirovdur.

AZƏRTAC-ın bölgə müxbiri Mobil Cahangirovun bir-birindən maraqlı və tarixi orta əsrlərə qədər gedib çıxan kolleksiyası ilə yaxından tanış olub.

Mobil Cahangirov onun kolleksiyasında olan əsərlərin nəsildən-nəslə ötürülərək günümüzədək qorunub saxlandığını deyir: “Bu mis qablar, samovarlar, odlu silahlar və xalçalar bizim ailə kolleksiyamıza məxsusdur. Mənim vəzifəm onları qoruyub gələcək nəsillərə ötürməkdir. Bu, həm də çox maraqlı hobbidir. Mən bu işdən zövq alıram. Bu əsərlərin tarixini bilmək, onlara toxunmaq məni sanki o dövrlərə aparır”.

Kolleksiyada Bakı, Gəncə, Quba, İrəvan xanlıqlarına məxsus yaşı yüzdən çox olan mis qablar və Təbriz ustalarının əl işləri də var. Diqqət çəkən eksponatlardan biri də yaşı təxminən 400-dən çox olan qəndillərdir. Zeytun yağı ilə yanan bu asma lampalar, yəni qəndillər qədim dövrlərdə daş qapılardan, evlərin tavanından asılıb.

“Qədim Azərbaycan məişətində işlədilən maraqlı mis qapaq, yəni sərpuş nümunələri də var. Sərpuşla plov qazanı bağlanıb. Misgərlik nümunələrindən olan sərpuş iki cür işlənib - həm plovun isti qalması üçün qapaq kimi, həm də inək sağarkən şiş hissəsini yerə sancaraq, süd yığmaq üçün qab kimi istifadə edilib. Yaşı yüzdən çox olan sərpuşların üzərində dahi şair Nizami Gəncəvinin, Firdovsinin və digər orta əsr klassiklərinin əsərlərindən kəlamlar dövrün mahir ustaları tərəfindən işlənib”, - deyə kolleksiyaçı vurğulayıb.

Mobil Cahangirovun kolleksiyasında, həmçinin orta əsr Avropa mədəniyyətinə məxsus eksponatlara - yaşı 135-dən çox olan üç və dörd ayaqlı çıraqlara, gümüş çaynik və gümüş samovarlara rast gəlmək olur. Bu çaynik və samovarların üstün cəhətləri onların çox az odla qısa müddət ərzində suyu qızdırmalarındadır.

Məişət qabları ilə yanaşı, qədim xalçalar, odlu silahlar, o cümlədən süvari oxu da dəyərli kolleksiyalardandır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.