SİYASƏT
Koişiro Matsuura: Azərbaycanın sürətli inkişafı bütün sahələrdə aydın müşahidə olunur
Tokio, 31 dekabr, AZƏRTAC
Azərbaycanın sürətli tərəqqisi dövlətin və xalqın bütün sahələrdə özünü inkişaf etdirməsində aydın müşahidə olunur.
Bu sözləri UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində deyib.
K.Matsuura UNESCO-nun baş direktoru vəzifəsində çalışdığı illərdə Azərbaycana altı dəfə səfər etdiyini deyib. Bildirib ki, UNESCO-dan ayrıldıqdan sonra da bir neçə dəfə ölkəmizdə olub. Hər səfərində Azərbaycanın sürətli inkişafının şahidi olduğunu vurğulayan sabiq baş direktor bunun həm onu çox təəccübləndirdiyini, həm də sevindirdiyini deyib: “2000-ci ilin aprelində etdiyim ilk səfərdə gördüyüm Bakı ilə sonuncu dəfə gördüyüm şəhəri müqayisə etdikdə paytaxtınızın əvvəlkindən çox fərqli olduğunu düşünürəm. Bakının sürətli inkişafı məni valeh edir. Bu inkişafa görə Azərbaycanı bir daha təbrik edirəm. Bu inkişaf yalnız şəhərin görünüşündə deyil, həm də dövlətin, xalqın bütün sahələrdə özünü inkişaf etdirməsində, tərəqqisində aydın görünür. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunduğu bu il ölkənizin bu cür inkişafını görmək məni çox sevindirir”.
Yola salmaqda olduğumuz 2018-ci ilin Azərbaycan xalqı üçün mühüm tədbirlərlə yadda qaldığını xatırladan K.Matsuura bildirib ki, bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsinin 15 illiyi xüsusi yer tutur: “Heydər Əliyev ilə Bakıda ilk görüşümüz 2000-ci ilin aprelində olmuşdu. 1999-cu ildə Parisdə UNESCO-nun baş direktoru seçildikdən sonra ümummilli lider Heydər Əliyev məni türkdilli dövlət başçılarının sammitinə dəvət etmişdi. Bu görüş zamanı onun qüdrətli dövlət başçısı və səmimi insan olmasının şahidi oldum. Sammitdə türkdilli dövlətlərin başçıları iştirak etdikləri üçün bütün görüşlər onların ana dilində keçirilirdi. Heydər Əliyev şəxsən özü bu danışıqların mənə tərcümə olunmasını nəzarətdə saxlayırdı. Görüş zamanı Heydər Əliyev İçərişəhərin UNESCO-nun ümumdünya irsi siyahısına daxil olunmasını təklif etdi. Onun fikrincə, İçərişəhər buna layiq idi. Onunla razılaşdığım üçün bunun həyata keçməsi istiqamətində əlimdən gələni etdim. 2000-ci ilin dekabrında İçərişəhər UNESCO-nun ümumdünya irsi siyahısına salındı. Bu hadisədən sonra Heydər Əliyev mənə minnətdarlığını bildirdi. Bütün bunlar onun sadəliyinin, səmimiyyətinin və çox diqqətli olmasının göstəricisi idi. Həmin səfərdən sonra Azərbaycanın inkişaf yolunu daha yaxından izləməyə başladım. Heydər Əliyev Azərbaycan üçün çox böyük işlər görmüş qüdrətli bir dövlət başçısı idi. Ümummilli Liderin ölkəniz üçün açdığı yolda Prezident İlham Əliyevin qətiyyətlə irəlilədiyini görmək məni çox sevindirir. Azərbaycanın dünyada sözü keçən, beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi bir dövlətə çevrilməsində bu həm ulu öndər Heydər Əliyevin və həm də Prezident İlham Əliyevin misilsiz xidmətləri var. Bu il hakimiyyətdə olmasının 15-ci ildönümünü qeyd edən Prezident İlham Əliyevi də səmimi qəlbdən təbrik edirəm”.
UNESCO-ya rəhbərliyi dövründə xatirələrini bölüşən K.Matsuura Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu beynəlxalq təşkilatdakı uğurlu fəaliyyəti barədə də danışıb: “UNESCO-da Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən xüsusi əhəmiyyətli, çoxsaylı layihələri yaxşı xatırlayıram. Xanım Mehriban Əliyeva ilə son görüşümüz isə bu ilin mayında olub. Həmin vaxt mənim anadan olmağımın 80-ci ildönümü UNESCO tərəfindən Parisdə qeyd edilərkən Mehriban xanım Əliyeva mənim xüsusi qonağım kimi iştirak edirdi. Fürsətdən istifadə edib həmin tədbirdə iştiraka və mənim haqqımda dediyi xoş sözlərə görə bir daha Mehriban xanıma minnətdarlığımı bildirirəm. Düşünürəm ki, Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri olduğu illərdə həm Azərbaycan xalqı, həm də dünyanın digər xalqları üçün böyük işlərə imza atıb. Həmin vaxtdan ötən dövrdə Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun mədəni və qeyri-maddi mədəni irs siyahılarına Azərbaycan mədəniyyətinin bir çox inciləri daxil edilib. Azərbaycanın Birinci vitse-prezidentinə UNESCO-nun xoşməramlı səfiri kimi mədəni irsin qorunması sahəsinə göstərdiyi diqqətə görə təşəkkür edirəm”.
Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycanın daha böyük uğurlara imza atacağına inandığını deyən K.Matsuura xalqımızı əlamətdar bayramlar münasibətilə də təbrik edib: “Azərbaycan xalqını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Xalqınıza daim birlik və daha böyük uğurlar arzulayıram”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio