CƏMİYYƏT


Kökləri torpaqda, özü suda bitən və havada çiçək açan lotos çiçəkləri

Bakı, 30 iyul, AZƏRTAC

Lotos dünyanın ən gözəl çiçəklərindən biri sayılır, onu bəzən nilufər, bəzən də su zanbağı adlandırırlar. Durğun sularda bitən çiçəyə ən çox qədim Misirdə Nil çayının hövzəsində və Hindistanda Qanq çayında rast gəlinirdi. Misirdə lotosu müqəddəs sayır və ona “Nil çayının nişanlısı” da deyirdilər. Qədim Yunanıstanda onun meyvələrindən mətbəxdə istifadə edilirdi. Həmin dövrlərdə ondan təsbeh, boyunbağı və digər bəzək əşyaları düzəldiblər.

AZƏRTAC xəbər verir ki, lotos palçıqlı və su mühitində yetişir. Onun kökləri torpaqda olsa da, özü suda bitir, havada çiçək açır, günəşin şüaları ilə qidalanır. Onun üç cür-sualtı, üzən və suüstü yarpaqları var. Sanki üstü parafinlə örtülü olan yarpaqlara toz, çirk və su yapışmır. Lotosun gözəlliyinin səbəbi bitkinin mikroliflərinin suya nisbətdə bucaq altında bitməsidir. Hər axşam çiçəyə qapanan lotos suyun altında gizlənir, səhərlər isə yenidən suyun səthinə qayıdır. Yarpaqları kimi çiçəkləri də həmişə quru qalır və heç vaxt islanmır. Onun bəzi növləri gecə ay işığında açılır, daha sonra səbətşəkilli toxumları yaranır. İçindəki toxumları bir-bir tökülərək suyun dibinə batır və yenidən cücərməyə başlayır.

Lotos dörd ünsürü özündə birləşdirən güldür. Çayın lillə örtülü dibindən qalxan köklər qaranlığın, uzun gövdə işığa, azadlığa uzanan qəlbin, çiçəkləri isə günəşə istiqamətlənən təmiz ruhun rəmzidir. Lotos çiçəklərinin beş fərqli rəngi, hər rəngin də öz mənası var. Ağ saflığı, çəhrayı maarifçiliyi, qırmızı sevgini, mavi elmi, bənövşəyi isə mənəviyyatı bildirir.

Ölçüsü 25 santimetrdən böyük olan çiçəklərin ömrü cəmi dörd gündür. Haqqında əfsanələr dolaşan çiçəyin adı təəssüf ki, “Qırmızı kitab”a düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.