CƏMİYYƏT


Kolibakterioz təhlükəli infeksion xəstəlikdir

Bakı, 16 sentyabr, AZƏRTAC

Kolibakterioz bütün növ kənd təsərrüfatı və vəhşi heyvanlarda, həmçinin quşlarda septiki, enterotoksiki və ya enterit formalarda təzahür edən zoonoz xəstəlikdir. Eşerixioz, kolidiareya, kolisepsis, kolienterit və digər adlarla tanınan bu təhlükəli infeksion xəstəliyə adətən körpə və cavan heyvanlar arasında daha çox rast gəlinir.

AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin hazırladığı elmi məqalədə bu barədə bəhs olunur.

Xəstəliyin törədicisi Enterobacteriaceae ailəsinin Eseherechia cinsinə mənsub, qrammənfi, spor əmələ gətirməyən, fakültativ anaerob, patogen bağırsaq çöpləri hesab olunur. Enteropatogen, enterotoksigen və hemolitik xüsusiyyətlərə malik olan həmin bakteriya növü tərəfindən termolabil ekzotoksinlər və termostabil endotoksinlər ifraz olunur. Qeyd edək ki, eşerixiyanın apatogen (bəzən şərti patogen) ştamları məməlilərin və insanların bağırsaq mikroflorasında məskunlaşaraq saprofit həyat tərzi keçirir və orqanizm üçün zəruri olan vitaminlərin (əsasən K vitamini) biosintezində fəal iştirak edir.

Orqanizmin immun vəziyyəti və törədicinin virulentliyindən asılı olaraq xəstəlik heyvanlar arasında kəskin, iti və yarımiti formalarda təzahür edir. Orqanizmdə ümumi intoksikasiya, dehidratasiya (susuzlaşma) və profuz diareya əlamətləri ilə səciyyələnən kolibakterioz enzootiya şəklində baş verməklə heyvandarlıq təsərrüfatlarına böyük iqtisadi ziyan vurur.

İnfeksiya mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlar hesab olunur. Xəstəlik törədicisi ilə çirklənmiş əşyalar, su, hava, ağız südü, süd qabları, peyin, döşənək materialları, təsərrüfatda çalışan işçi heyətin geyimi infeksiyanın yayılmasında, həşərat və gəmiricilər isə infeksiyanın ötürülməsində böyük rol oynayır.

Yoluxma əsasən alimentar, nadir hallarda isə aerogen və ya bətndaxili (anadan balaya) ötürülmə yolu ilə baş verir. Bununla yanaşı, orqanizmin immun vəziyyətindən asılı olaraq şərti patogen bağırsaq çöplərinin aktivləşməsi heyvanlarda endogen kolibakterioza səbəb ola bilər. Qeyd edək ki, ağız südü qəbulu ilə körpə heyvanların orqanizmində kolibakterioza qarşı passiv immunitet formalaşır.

Xəstəliyin inkubasiya dövrü bir neçə saatdan 2-3 sutkaya qədər davam edir. Mədə-bağırsaq traktında törədici tərəfindən ifraz olunan ekzo- və endotoksinlər heyvanlarda enterotoksikoz və enteritlərə, toksinlərin qana sorulması isə ümumi toksikozlara səbəb olur. Törədici limfa və qan dövranı sisteminə daxil olduqdan sonra sürətli şəkildə artıb çoxalır ki, bununla da orqanizmdə septisemiyaya (bakterimiya) yol açır. Nəticə etibarilə yaranan iştahsızlıq, təngnəfəslik, hətta mərkəzi sinir sisteminin zədələnmələri (qıcolmalar və parezlər) səbəbindən heyvanlar arasında ölüm baş verir.

Xəstəlik törədicisi xarici mühit amillərinin təsirinə qarşı davamlı olmaqla, torpaq və peyində bir neçə ay, suda isə bir neçə həftə sağ qalır. Qeyd edək ki, patogen bağırsaq çöpləri termotolerant koliform bakteriyalara aiddir. Mühitin temperaturunun 35-37 dərəcə C və pH-nın 7,2-7,4 olması onların inkişafı üçün optimal hesab edilir. Dezinfeksiyaedicilərin təsirinə davamsız olan patogen bağırsaq çöpləri 60 dərəcə C-də 15-20 dəqiqə, 100 dərəcə C temperaturda isə ani məhv olur.

Xəstəliyin diaqnostikasında epizootoloji məlumatlar, kliniki əlamətlər və patoloji-anatomik dəyişikliklərlə yanaşı, laborator müayinə üsulları (mikroskopik və bakterioloji) böyük əhəmiyyət kəsb edir.

Xəstəliyə qarşı mübarizə üsulu kimi zəruri profilaktik tədbirlərin aparılması, o cümlədən təsərrüfatda dezinfeksiya işlərinin mütəmadi həyata keçirilməsi, heyvanların sanitar-gigiyenik qaydalar çərçivəsində yetişdirilməsi, yemləndirmənin düzgün təşkili, körpə heyvanların ağız südü ilə təmin olunması, heyvan rifahının gözlənməsi və s. xüsusi olaraq qeyd edilə bilər.

Patogen bağırsaq çöpləri həm də təhlükəli qida toksikoinfeksiyası kimi tanınır. Heyvan mənşəli qida məhsullarının bu infeksiya növü ilə qida zəncirinin müxtəlif mərhələlərində, o cümlədən heyvan kəsimi zamanı, ət və ət məhsullarının daşınması, saxlanması, hətta istehlakı dövründə sirayətlənməsi insanlarda kolibakterioza səbəb olur. Qeyd edək ki, patogen bağırsaq çöpləri cinsinə aid olan bağırsaq çöpləri heyvan mənşəli qida məhsullarının sanitar qiymətləndirilməsi zamanı indikator rolu oynayır.

Nəzərə alınmalıdır ki, heyvan sağlamlığının kolibakterioz və bu kimi digər təhlükəli infeksiyalardan qorunması, eyni zamanda heyvan mənşəli qida məhsullarının qida təhlükəsizliyi tələbləri çərçivəsində istehsalı, emalı və istehlakı bilavasitə təhlükəli zoonoz patogenlərə görə insan sağlamlığının təmin olunmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.