CƏMİYYƏT
Kollecdə “Strateji Yol Xəritəsindən Gender Xəritəsinə doğru” mövzusunda seminar-treninq keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Bakı 1 nömrəli Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Gender və İnsan hüququ” Araşdırma Birliyinin təşkil etdiyi “Strateji Yol Xəritəsindən Gender Xəritəsinə doğru” mövzusunda seminar-treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə geniş mühazirə ilə çıxış edərək bildirib ki, 2016-cı ilin dekabrında dövlət başçısının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” ölkədə iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malikdir. Ciddi təhlillər üzərində qurulan “Strateji Yol Xəritəsi” iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar, eyni zamanda, yeni strateji hədəflərə uyğun olaraq digər sahələrin də inkişafına və neftdən asılılığın aradan qaldırılmasına imkan yaradacaq. Sonra “Strateji Yol Xəritəsindən Gender Xəritəsinə doğru” layihəsinin təqdimatı keçirilib.
“Gender və İnsan Hüququ” Araşdırma Birliyinin gender-sosioloji araşdırmalar şöbəsinin müdiri Vəsilə Mövsümova “Gender mədəniyyəti nədir?” mövzusunda mühazirə ilə çıxış edib. Məruzədə gender mədəniyyəti müxtəliflik, müəyyən mənada inteqral mədəniyyət və cinslərin dialoq anlaşması kimi xarakterizə olunub.
Kollec tələbələrinin iştirakı ilə mövzular ətrafında müzakirələr aparılıb.