ELM VƏ TƏHSİL
Kolleclərə qəbul olunmaq üçün 19405 abituriyent ərizəsini təsdiqlədib
Bakı, 12 mart, AZƏRTAC
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu başa çatıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan bölməsi üzrə 18875, rus bölməsi üzrə isə 530 abituriyent olmaqla, ümumilikdə 19405 abituriyent elektron ərizəsini təsdiq edib.
Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.