DÜNYA


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov istintaqa çağırılıb

Bakı, 10 iyul, AZƏRTAC

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, general-polkovnik Yuri Xaçaturov 2008-ci il martın 1-də Ermənistanda etiraz aksiyası zamanı insanların qətlə yetirilməzi barədə iş çərçivəsində şahid qismində istintaqa çağırılıb. Bu barədə TASS informasiya agentliyi Xüsusi İstintaq Xidmətinə istinadla məlumat yayıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, istintaqa çağırılmış Yuri Xaçaturov sıx iş qrafiki səbəbindən iyulun sonunda gələ biləcəyini söyləyib.

Yuri Xaçaturov 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun komandanı olub. O, 2017-ci ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibidir.

İyulun 3-də Yerevanın ümumi yurisdiksiyalı məhkəməsi 2008-ci il martın 1-də etiraz aksiyası zamanı insanların qətlə yetirilməsi barədə iş çərçivəsində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Mikael Arutyunyanın həbsi barədə sanksiya verib. Hərbçi ölkədə konstitusiya sistemini pozmaqda ittiham edilir. İstintaqın versiyasına görə, Arutyunyan və digər rəsmi şəxslər konstitusiyanı pozaraq, Ermənistanda hərbi vəziyyət elan edib, dinc nümayişçilərə - ölkə vətəndaşlarına qarşı ordudan istifadə ediblər. Arutyunyan axtarışa verilib, məhkəmədə onun həbsi barədə vəsatət qaldırılıb.

Ermənistanda 2008-ci il fevralın 19-da prezident seçkilərindən sonra ölkədə etiraz aksiyaları keçirilib, insanlar seçkilərin rəsmi yekunları ilə razılaşmadıqlarını bildiriblər. Küçə aksiyalarını Ermənistanın birinci prezidenti Ter-Petrosyanın tərəfdarları təşkil edib. Mitinqçilərlə hüquq mühafizə orqanlarının nümayəndələri arasında qarşıdurma nəticəsində 8 nümayişçi, 2 polis ölüb, 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Təxminən 230 nəfər tibbi yardım üçün həkimə müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.