REGİONLAR


Kollektor-drenaj şəbəkələri lildən təmizlənir, torpaqların münbitliyi artırılır VİDEO

Sabirabad, 18 may, AZƏRTAC

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin balansında olan nasos stansiyaları vasitəsilə 890 milyon kubmetr qrunt suları dənizə axıdılıb, 4,1 milyon ton zərərli duzlar əkin sahələrindən kənarlaşdırılıb. Bu da torpaqların intensiv əkinçilik üçün istifadəsinə əlverişli imkan yaradıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 1977-ci ildən fəaliyyət göstərən Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan, Neftçala və Sabirabad rayonları ərazisində yerləşən 132500 hektar əkin sahələrinə xidmət göstərir. İdarə ötən il həmin əkin sahələrinin suvarılmasında mühüm rol oynayan 3261 kilometr uzunluqda kollektor-drenaj şəbəkəsinə qulluq edib. 2021-ci ilin təsərrüfat ilində 557 kilometr uzunluqda kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri aparılıb. Bu işlərin mütəmadi aparılması nəticəsində əkin sahələrindən qrunt sularının qısa müddətdə nasos stansiyaları vasitəsilə dənizə ötürülməsinə nail olunur. Nəticədə torpaqların münbitliyi artır və məhsuldarlıq yüksəlir.

Bu işlərin davamı olaraq hazırda Salyan rayonunda Kürqaraqaşlı, Noxudlu, Arbatan, Dayıkənd, Çuxanlı, Şorsulu kənd ərazilərində, o cümlədən Neftçala rayonunun Aşağı Surra, Xolqarabucaq, Qaçaqkənd, Qırmızıkənd və Boyat inzibati ərazilərində lildən təmizlənmə işləri davam etdirilir. Bundan başqa, baş kollektor olan Şimali Akkuşa kollektorunda da lildən təmizlənmə işləri görülür. Ümumi uzunluğu 33 kilometr olan Şimali Akkuşa kollektoru 16100 hektar əkin sahəsinə xidmət göstərir. Kollektor əkin sahələrindən qrunt sularını çəkərək 11 aqreqatlı birləşmiş nasos stansiyasına ötürür. Kollektor üzərində olan borulu və aşırımlı 9 körpü qrunt sularının maneəsiz axıdılmasına xidmət göstərir.

Qrunt sularını kollektor-drenaj sistemləri vasitəsilə dənizə ötürmək üçün 25 ədəd meliorativ nasos stansiyalarından istifadə olunur. Bunlardan 19 ədədi təsərrüfatlararası kollektor, 5-i isə daxili təsərrüfat kollektorları, 1 ədəd nasos stansiya isə Axmaz gölü üzərində qurulub. Ötən il nasos aqreqatlarından 11 ədədi əsaslı, 51 ədədi isə cari təmir olunub. İdarənin məqsədi nasos stansiyalarında olan aqreqatlar vasitəsilə ayrı-ayrı kollektor-drenaj sahəsində minerallaşmış qrunt sularını mexaniki üsulla çəkib dənizə axıtmaqdır. Bununla yanaşı, nasos stansiyalarının və hidrotexniki qurğuların da sazlığı diqqətdə saxlanılır.

İdarə tərəfindən nasos stansiyaların cari və əsaslı təmiri, o cümlədən kollektor-dren şəbəkələrində mütəmadi aparılan lildən təmizləmə işləri nəticəsində torpaqların münbitliyi artırılıb, məhsuldarlıq isə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.