DÜNYA


Köln kilsəsi çıraqban edilib

Köln kilsəsi çıraqban edilib

Berlin, 27 sentyabr, AZƏRTAC

UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş məşhur Köln kafedral kilsəsinin fasadı sentyabrın 26-dan 30-dək öz tarixində ilk dəfə olaraq işıq instalyasiyaları ilə bəzədilib.

AZƏRTAC xəbər verir ki, Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr edilən instalyasiya “Bizə sülh bəxş et!” (“Dona Nobis Pacem”) devizi ilə təqdim edilib.

Aksiyanın bu günlərdə Köln kilsəsində keçirilən ziyarət çərçivəsində təşkil edilməsi məxsusi qərara alınıb və daha çox insanın diqqətini çəkmək məqsədi daşıyır. Qeyri-adi işıq instalyasiyasının köməyi ilə onun yaradıcıları bütün dünyaya açıq-aşkar bəyan ediblər ki, Almaniya kin və ədavətə qarşıdır.

Almaniyanın ən məşhur kilsəsinin cənub fasadının piştağından tutmuş ən yüksək nöqtəsinədək “Sülh”, “Silahdan əl çəkin!”, “Vətəndaş cəsarəti” kimi yazılar bərq vurur. Təxminən 20-dək güclü projektorun köməyi ilə yazı və işarələr divarda təsvirlər əmələ gətirir.

Hər axşam saat 20.00-dan start götürən proyeksiya Luici Kerubininin 1 nömrəli do minor rekviyemindən və İohann Sebastyan Baxın “Bizə sülh bəxş et” əsərindən parçalarla müşayiət olunur. Bu saatda Köln kilsəsində digər parlaq tədbirlər də keçirilir. Onlardan biri “Mistika gecəsi” tamaşasıdır ki, burada Liverpul Kafedral Kilsəsinin xoru iştirak edir.

Layihənin müəllifləri alman rəssamlar Detlef Xartunq və Georq Trensdir. Onlar tərəfindən işlənib hazırlanan, bir-birini sülhsevər məzmunda yazılarla əvəz edən nəhəng işıqlandırma bu rəssamların vizit kartıdır. Media-art ustalarının yaratdıqları instalyasiyalar bu vaxtadək bir çox məşhur memarlıq tikililərini bəzəyib.

Rəssamlar Köln kilsəsinin fasadındakı instalyasiyanı “Müharibə və sülh barədə açıq söhbət” adlandırırlar. Perfomans ustaları əllərindən gələn hər şeyi ediblər ki, onların seçdikləri məkanın, işığın və səsin uyğunluğu insanları müharibəsiz dünya haqqında daha dərindən düşündürəcək obrazların meydana gəlməsinə kömək etsin.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.