DÜNYA
Köln şəhərinin dəmiryol vağzalında qadını girov götürən şəxs zərərsizləşdirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Almaniyanın Köln şəhərində yerləşən əsas vağzal binasında qadını girov götürən şəxs zərərsizləşdirilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əməliyyat nəticəsində, həmçinin daha bir nəfər saxlanılıb. “Biz saxlanılan şəxsin cinayətkarla əlbir olduğu, yaxud girov götürüldüyünü bilmirik. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir”, - Almaniyanın Daxili İşlər Nazirliyindən belə deyiblər.
Hadisə Köln şəhərinin əsas vağzal binasındakı aptekdə baş verib. İnsident qadınla kişi arasında mübahisə ilə başlayıb. Polis cinayətkarla əlaqə qurub və onunla danışıqlar aparıb. Onun motivləri məlum deyil.
Hazırda vağzalda qatarların hərəkəti dayandırılıb, bina və onun qarşısındakı Breslauer meydanı polis tərəfindən əhatəyə alınıb.