REGİONLAR


Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı avtomobil yolunda yenidənqurma işləri tezliklə yekunlaşacaq VİDEO

Ağdam, 14 mart, Tahir Ağaməmmədov, AZƏRTAC 

Ağdam rayonunda Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı avtomobil yolunun tikintisi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir. Doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli Sərəncamı ilə dövlət büdcəsindən 2,3 milyon manat vəsait ayrılıb.

Tikintidə baş mühəndis Nizami Əmiraslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uzunluğu 5,6 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Tikinti norma və standartlarına uyğun olaraq yolboyu torpaq işləri aparılıb, yolun mövcud dağılmış örtüyü sökülüb, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılıb, çınqıl ilə əks-dolğu və kipləşdirmə işləri görülüb. İki hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yola müxtəlif diametrli 11 ədəd metal suötürücü boru qoyulub.

Hazırda yola ikiqat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri yüksək keyfiyyətlə davam etdirilir. Artıq 3 kilometrdə alt lay asfalt-beton örtüyünün döşənməsi həyata keçirilib. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib. Yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.

Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı avtomobil yolunun yenidən qurulması cəbhəyanı kəndlərin sakinlərinin sevincinə səbəb olub. Mirəşelli kənd sakini Akif Qasımov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: "Kəndimiz təbii qaz, elektrik, su ilə təmin olunub. Tək narahatlığımız yol sarıdan idi. İndi dövlətimizin qayğısı sayəsində bu çətinliyimiz də aradan qaldırılır. Bundan sonra əkib-becərdiyimiz məhsulları, saxladığımız mal-heyvanı bazarlara rahatlıqla apara biləcəyik. Bunun üçün dövlətimizə minnətdarlığımı bildirirəm”.

Digər sakin Eldar Qasımov isə deyib: "Uzun illər idi ki, kəndimizin yolu yaxşı deyildi. Quzanlı qəsəbəsində və qonşu kəndlərə gedib-gələrkən çətinlik çəkirdik. Həm avtomobilimiz sıradan çıxır, həm də vaxt itirirdik. İndi isə yollarımız yüksək keyfiyyətlə yenidən qurulur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.