DÜNYA


“Kolumb Günü”nün adını “Yerli Xalqlar Günü” ilə əvəz etmiş şəhərlər sırasına Vaşinqton da qoşulub

Vaşinqton, 11 oktyabr, AZƏRTAC

Kolumbiya dairəsinin bələdiyyə şurası federal səviyyədə bayram edilən “Kolumb Günü”nün adını “Yerli Xalqlar Günü” ilə əvəz edilməsi barədə qanun layihəsi qəbul edib. Bu tarix 1492-ci il oktyabrın 12-də Kolumbun Amerikaya gəlməsinin ildönümü şərəfinə bayram edilir. Beləliklə, Kolumbiya dairəsindəki Vaşinqton şəhəri bundan sonra “Kolumb Günü” əvəzinə “Yerli Xalqlar Günü”nün qeyd ediləcəyi şəhərlər və ştatlar siyahısına daxil olacaq.

AZƏRTAC xəbər verir ki, “2019-cu ildə “Yerli Xalqlar Günü” haqqında fövqəladə qanun” qəbul edilməsi təşəbbüsünü bələdiyyə şurasının üzvü Devid Qrosso irəli sürüb. O, qanun layihəsinin qəbul edilməsi barədə bəyanatında deyib ki, bu qanun “yerli xalqların mənafelərinə, onların zəngin tarixinə və mədəni irsinə hörməti əks etdirməlidir”. Krosso qeyd edib ki, Kolumb “yerli xalqların minlərlə nümayəndəsini kölə, müstəmləkə sakini vəziyyətinə salıb, onları şikəst edib və öldürüb”. Krosso daha sonra əlavə edib ki, bu qanun çoxdan qəbul edilməli idi.

Şəhər meri Müriel Bauzer qanun layihəsini imzalayarsa, həmin qanun dərhal qüvvəyə minəcək, çünki “Kolumb Günü” oktyabrın 14-də qeyd edilir. Lakin bu dəyişikliyin daimi qüvvə kəsb etməsi üçün ABŞ Konqresi 225 gün ərzində onu bəyəndiyini bildirməlidir.

Bu günə qədər səkkiz ştat və 130 şəhər həmin bayramın adını dəyişib. Məsələn, Viskonsin ştatının qubernatoru Toni Evers çərşənbə axşamı müvafiq sərəncam imzalayıb. Bəzi ştatlar bu məsələdə “qızıl orta” mövqeyini tapmağa çalışır. Məsələn, Oklahoma ştatının qubernatoru Kevin Sitt bu ilin əvvəlində həmin tarixin eyni zamanda həm “Yerli Amerikalılar Günü”, həm də “Kolumb Günü” kimi qeyd edilməsi barədə qanun imzalayıb. Lakin amerikalıların heç də hamısı bu cür dəyişikliyi alqışlamır. ABŞ-da İtaliya-Amerika mədəniyyətini təbliğ etməklə məşğul olan Milli İtaliya-Amerika Fondunun rəhbərliyi federal bayramın adının dəyişdirilməsinə etiraz bəyanatı ilə çıxış edib. Həmin bəyanatda deyilir: “Biz hesab edirik ki, italyan mənşəli 20 milyondan çox amerikalının federal bayram kimi qeyd etdiyi “Kolumb Günü”nün ləğv edilməsi və onun başqa bir etnik qrup tərəfindən qeyd olunan başqa bayramla əvəz edilməsi mədəni baxımdan son dərəcə hörmətsizlik olacaq”.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.