SİYASƏT


Kolumbiya Universitetində Türkiyə-Azərbaycan Araşdırma Mərkəzi yaradılıb

Vaşinqton, 10 aprel, AZƏRTAC 

Kolumbiyanın Eksternado Universitetində Azərbaycan və Türkiyənin bu ölkədəki səfirlikləri, eləcə də universitet rəhbərliyinin birgə səyləri nəticəsində yaradılan Türkiyə-Azərbaycan Araşdırma Mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində sözügedən universitetin rektoru Xuan Karlos Enao Perez, Türkiyənin Kolumbiyadakı səfiri Ece Öztürk, Azərbaycanın Boqotadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov, Kolumbiya Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin direktoru Xuan Qiyermo Kastro Benneti, Kolumbiya Milli Arxiv İdarəsinin direktoru Enrike Serrano, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi (ProColombia) və Elmlər Akademiyasının nümayəndələri ilə yanaşı, digər ali məktəblərin professorları və KİV-in nümayəndələri iştirak ediblər.

Universitet rektoru Xuan Karlos Enao Perez Azərbaycanın yerləşdiyi strateji məkan, malik olduğu təbii resurslar, enerji siyasəti, nəhəng layihələri və ciddi nailiyyətləri haqqında danışıb, ölkəmizin dinamik inkişafı ilə regionun ən güclü dövlətinə çevrildiyini qeyd edib. O, həmçinin Araşdırma Mərkəzinin hər iki ölkənin qarşılıqlı əlaqələrinin gücləndirilməsinə verə biləcəyi töhfədən danışıb.

Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Həmid Zeynalov bu kimi mərkəzlərin təhsil üzrə mübadilə sahəsində zəruriliyini diqqətə çatdırıb. Diplomat hazırda Kolumbiyada bir neçə universitetdə tələbələr tərəfindən ölkəmiz haqqında araşdırmaların aparıldığını, lakin sözügedən tədqiqatların sayının qənaətbəxş olmadığını qeyd edib. O, yeni yaradılmış bu Araşdırma Mərkəzinin dəstəyi ilə ölkəmizə marağın və elmi işlərin aparılmasına dair təşəbbüsün daha da artacağına ümidvar olduğunu diqqətə çatdırıb. Eyni zamanda, H.Zeynalov qeyd edib ki, sözügedən Araşdırma Mərkəzi vasitəsilə Azərbaycan və Kolumbiya təhsil ocaqları arasında tələbə və ya professor mübadiləsi aparıla bilər. Mərkəzin Kolumbiya cəmiyyətinə Azərbaycanın siyasəti, iqtisadiyyatı, tarixi və mədəniyyəti haqqında dolğun və dəqiq məlumatların ötürülməsinə imkan yaradacağı bildirilib.

Araşdırma Mərkəzinin direktoru Kolumbiyanın Türkiyədəki keçmiş səfirinin həyat yoldaşı xanım Soraya Karo təyin olunub.

Qeyd edək ki, əsası 1886-cı ildə qoyulan Eksternado Universiteti dünyanın sosial araşdırmalar üzrə 100 ən yaxşı universitetləri arasında yer alıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.