DÜNYA
Kolumbiya dairəsi və Merilend ştatının prokurorları Prezident Trampı məhkəməyə veriblər
Vaşinqton, 13 iyun, AZƏRTAC
Bazar ertəsi Merilend ştatının və Kolumbiya dairəsinin baş prokurorları Prezident Donald Trampı məhkəməyə verdiklərini elan ediblər. Onlar bildirirlər ki, Tramp Prezident kimi xarici ölkələrin hökumətlərindən ödənişlər qəbul etməklə Konstitusiyanı pozub. İddia sənədində əsas diqqət bu məqama yönəldilir ki, ABŞ Konstitusiyasının Prezidentin və dövlət məmurlarının Konqres tərəfindən rəsmən bəyənilmədən xarici dövlətlərdən ödənişlər, hədiyyələr və ya mükafatlar qəbul etməsinin qadağan olunması barədə maddənin müddəalarının pozulması ehtimal edilir. Kolumbiya dairəsinin baş prokuroru Karl Rasin mətbuat konfransında Trampın “Konstitusiyanı kobud şəkildə pozmasını” qeyd edərək deyib: “Bu ölkənin tarixində heç vaxt prezidentin işgüzar fəaliyyətində bu qədər böyük dolaşıqlıqlar olmayıb”.
Merilend ştatının baş prokuroru Brayan Froş qeyd edib ki, Vaşinqtondakı “Beynəlxalq mehmanxana və Tramp qülləsi”nin fəaliyyəti Vaşinqtonda və onun ətrafında biznesə təsir göstərir, Kolumbiya dairəsində və Merilend ştatında rəsmi şəxslər tərəfindən iddia qaldırılmasının bir səbəbi də bundan ibarətdir. Rasin və Froş vurğulayıblar ki, əgər federal hakim bu işin davam etdirilməsini dəstəkləyərsə, onlar Trampın xaricdəki ticarət sövdələrinin dərəcəsini qiymətləndirmək üçün onun şəxsi vergi bəyannamələrinin surətlərini tələb edəcəklər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton