SİYASƏT


Kolumbiya televiziyasında Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları bəyanata dair reportaj və müsahibə yayımlanıb VİDEO

Bakı, 17 noyabr, AZƏRTAC

Kolumbiyanın “Caracol” televiziya kanalının “El mundo hoy” verilişində Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış bəyanata dair reportaj və səfir Məmməd Talıbovun məsələ ilə bağlı müsahibəsi yayımlanıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Müsahibədə səfir bəyanatın regionda davamlı sülhün bərqərar olmasına şərait yaratması baxımından önəmini bildirib.

Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından qovulmuş və son 30 il ərzində məcburi köçkün vəziyyətində yaşayan bir milyona yaxın soydaşımızın öz yurdlarına qayıdacağını deyən səfir Qarabağdakı ermənilərin də Azərbaycanın qanunlarına hörmət etmək şərtilə burada yaşamaqda davam edə biləcəyini söyləyib.

Erməni xalqının bəyanatından narazı olması və bunu öz hökumətinin satqınlığı hesab etməsi ilə bağlı suala cavabında səfir yaranmış vəziyyətin birbaşa Ermənistan hökumətinin təqsiri olduğunu, BMT-nin qətnamələri işğal olunmuş ərazilərin boşaldılmasını aydın şəkildə tələb etdiyi halda, bu ölkənin siyasi rəhbərliyinin öz xalqını illərlə aldatdığını və onları sülhə hazırlamaq əvəzinə bu torpaqların işğalının nəticələrini qoruyub saxlayacağına inandırdığını qeyd edib.

Reportajda verilişin redaksiyası tərəfindən münaqişənin tarixi barədə məlumat verilib, hərbi əməliyyatların gedişi və hazırda ermənilərin işğal olunmuş ərazilərimizi tərk edərkən ətraf mühitə və infrastruktura zərər yetirdiyini əks etdirən kadrlar nümayiş etdirilib.

Müsahibədə Qarabağ və ətraf yeddi rayon daxil olmaqla ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazilərinin 30 ilə yaxın idi ki, Ermənistanın işğalı altında olduğunu deyən səfir Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın suveren ərazilərində mövcudluğu və BMT Təhlükəsizlik Şurasının bu ərazilərin azad olunmasını tələb edən müvafiq qətnamələrinə əməl edilməməsinin regionda davamlı sülhə başlıca təhdid olduğunun tərəfimizdən daim ifadə edildiyini bildirib. Səfir hərbi əməliyyatlar yolu ilə işğaldan azad edilmiş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə məhv edildiyinə şahid olduğumuzu, bu səbəbdən həmin ərazilərdə yenidənqurma işlərinin aparılmalı olduğunu qeyd edib.

XXI əsrdə hansısa dövlətin işğalçılıq siyasəti yürütməsi, digər suveren dövlətin ərazilərini hərbi işğalda saxlaması və 1 milyon insanı məcburi köçkünə çevirməsinin qəbuledilməz olduğunu söyləyən diplomat erməni xalqının bütün qonşuları ilə mehribanlıq və barış içində yaşamasının gərəkdiyini anlamalı olduğunu vurğulayıb.

Azərbaycan çoxmədəniyyətli ölkə olduğunu, burada 40-a yaxın müxtəlif etnik mənsubiyyətdən olan insanların, o cümlədən on minlərlə erməninin yaşadığını, bu xüsusda Roma papası Fransisk tərəfindən bütün dünyada tolerantlıq modeli adlandırıldığını deyən səfir əldə olunan razılaşmanın önəmli nəticələrindən birinin də bölgədə sülhün bərqərar edilməsi ilə hər iki xalqın barışıq halında birgə yaşamasına nail oluna biləcəyi və ümumilikdə regionda dirçəliş dövrünün başlaması üçün imkan yaranması olduğunu söyləyib.

Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin cari durumuna toxunan səfir Kolumbiya XİN-in hazırkı razılaşmanı rəsmi bəyanatla dəstəklədiyini, ümumilikdə iki ölkə arasında müsbət siyasi dialoqun mövcud olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, habelə müvafiq qanunverici orqanlar arasında davamlı əməkdaşlıq aparıldığını, kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil sahələrində ortaq layihələr üzərində çalışıldığını, bu xüsusda bir neçə il ard-arda Azərbaycan XİN-in əməkdaşları üçün ispan dili kurslarının kolumbiyalı professorlar tərəfindən həyata keçirildiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.