SİYASƏT
Kolumbiya televiziyasında Ermənistan-Azərbaycan münaqişəsindən və atəşkəs barədə birgə bəyanatdan danışılıb
Bakı, 14 noyabr, AZƏRTAC
Kolumbiyanın çoxmilyonlu izləyici auditoriyasına malik “Cablenoticias” televiziya kanalında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Qarabağ münaqişəsi, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən atəşkəs təsis edilməsi üzrə imzalanmış birgə bəyanat barədə müsahibəsi yayımlanıb.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, canlı efirə gedən müsahibədə Qarabağın ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxındır Ermənistanın hərbi işğalı altında qaldığını deyən səfir Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın suveren ərazilərində mövcudluğu və BMT Təhlükəsizlik Şurasının bu torpaqların azad olunmasını tələb edən müvafiq qətnamələrinin yerinə yetirilməməsinin regionda davamlı sülhə başlıca təhdid olduğunu bildirib.
Noyabrın 10-da Rusiyanın vasitəçiliyi və Türkiyənin yaxından iştirakı ilə əldə olunan atəşkəs razılaşması barədə danışan diplomat Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, dekabrın 1-dək Ermənistan silahlı qüvvələrinin işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxarılacağını, bölgədə atəşkəsə nəzarət məqsədilə Rusiya sülhməramlılarının yerləşdirilməkdə olduğunu, atəşkəs razılaşmasının müddəalarının yerinə yetirilməsinə nəzarət prosesində Türkiyənin də yaxından iştirak edəcəyini, habelə qarşıdakı vaxtlarda 1991-1994-cü illərdə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz torpaqlarından qovulmuş 1 milyona yaxın soydaşımızın doğma yurdlarına qayıdacaqlarını bildirib.
Səfir bu günədək hərbi əməliyyatlar yolu ilə işğaldan azad edilmiş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə məhv edildiyinə şahid olduğumuzu, bu səbəbdən həmin ərazilərdə yenidənqurma işlərinin aparılmalı olduğunu qeyd edib.
Razılaşmanın nəticələri barədə danışan Məmməd Talıbov 30 ilə yaxındır işğaldan əziyyət çəkən Azərbaycanın beynəlxalq ictimaiyyətin bütün üzvləri, o cümlədən Kolumbiya tərəfindən tanınmış ərazilərinin azad edilməsinə nail olduğunu, habelə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirdiyini bildirib.
XXI əsrdə hansısa dövlətin işğalçılıq siyasəti yürütməsinin, digər suveren dövlətin ərazilərini işğal altında saxlamasının və 1 milyon insanı məcburi köçkünə çevirməsinin qəbuledilməz olduğunu söyləyən diplomat erməni xalqının bütün qonşuları ilə mehribanlıq və sülh içində yaşamasının lazım gəldiyini anlamalı olduğunu vurğulayıb.
Azərbaycan çoxmədəniyyətli ölkə olduğunu, 40-a yaxın müxtəlif etnik mənsubiyyətdən olan insanlara, o cümlədən on minlərlə erməni ailəsinə ev sahibliyi etdiyini, bu xüsusda Roma Papası Fransisk tərəfindən bütün dünyada tolerantlıq modeli adlandırıldığını deyən səfir imzalanan razılaşmanın önəmli nəticələrindən birinin bölgədə sülhün bərqərar edilməsi ilə hər iki xalqın sülh şəraitində birgə yaşamasına nail oluna biləcəyi və ümumilikdə regionda dirçəliş dövrünün başlaması üçün imkan yaranması olduğunu söyləyib.
Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin cari vəziyyətinə toxunan diplomat Kolumbiya XİN-in hazırkı atəşkəs razılaşmasını rəsmi bəyanatla dəstəklədiyini, ümumilikdə ölkələrimiz arasında müsbət siyasi dialoqun mövcud olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, habelə müvafiq qanunverici orqanlar arasında davamlı əməkdaşlıq aparıldığını, kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil sahələrində ortaq layihələr üzərində çalışıldığını, bu xüsusda bir neçə il ardıcıl olaraq Azərbaycan XİN-in əməkdaşları üçün ispan dili kurslarının kolumbiyalı professorlar tərəfindən keçirildiyini qeyd edib.