REGİONLAR
Kolumbiya və Azərbaycanın uşaq voleybol komandalarının üzvləri Naxçıvanda olublar
Naxçıvan, 21 noyabr, Tural Kəngərli, AZƏRTAC
Kolumbiya ilə Azərbaycan arasında bədən tərbiyəsi və idman sahəsində mübadilə proqramı çərçivəsində ölkəmizdə səfərdə olan Kolumbiya və Azərbaycanın qızlardan ibarət uşaq voleybol komandalarının üzvləri Naxçıvan Muxtar Respublikasına gəliblər.
AZƏRTAC xəbər verir ki, voleybol komandalarının üzvləri əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olublar. Burada qonaqlara məlumat verilib ki, muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanılıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
Qonaqlar Duzdağ Fizioterapiya Mərkəzinə də gəliblər. Burada onlara məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar. Müalicə olunanlar və onları müşayiət edənlər üçün mərkəzdə nümunəvi xidmətlər təşkil olunub. Burada iki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. Yer altındakı duz dağının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında duz oksigen havanın 20 faizini təşkil edir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.
Gənc voleybolçular Naxçıvan şəhərindəki “Əyləncə adası”, “Cahan Alış-Veriş Mərkəzi” və “Əlincəqala” Tarix-Mədəniyyət, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksləri ilə də yaxından tanış olublar.
Sonra İlham Əliyev adına Olimpiya İdman Kompleksində Kolumbiya və Azərbaycanın qızlardan ibarət uşaq voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Azərbaycan komandası 2:0 hesabı ilə qalib gəlib.