SİYASƏT
Kolumbiyalı hərbçilərə Azərbaycanın azad edilmiş ərazilərdə apardığı minatəmizləmə işləri barədə məlumat verilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Kolumbiya Minatəmizləmə Mühəndisləri Briqadasının qulluqçularına erməni işğalının tarixi, Vətən müharibəsinin yekunları, ölkəmizin üzləşdiyi kütləvi minalanma problemi və azad olunmuş ərazilərimizdə aparılan işlər haqqında mühazirə oxunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ilk olaraq hərbçilərə Azərbaycanın tarixi inkişaf yolu, mədəniyyəti, iqtisadiyyatı, xarici siyasəti və Kolumbiya ilə ikitərəfli münasibətləri barədə məlumat verilib.
Sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi, Ermənistan tərəfinin müharibəyə gətirib çıxaran hərbi təxribatları, Vətən müharibəsinin başlama səbəbləri, onun yekunları, təcavüzkar dövlətin 30 ilə yaxın müddətdə işğalda saxladığı ərazilərimizdə apardığı kütləvi minalama və törətdiyi dağıntılar haqqında danışılıb. Tədbir azad edilmiş ərazilərimizdə səfərdə olmuş tanınmış kolumbiyalı jurnalist R.Trobaxonun bölgədən hazırladığı videoreportajlarının nümayiş olunması ilə davam etdirilib.
Azərbaycanın hazırda öz səylərini bu ərazilərin minalardan təmizlənməsinə, infrastrukturun yenidən qurulmasına və məcburi köçkünlərimizin qısa zamanda evlərinə qayıtmasına yönəltdiyi vurğulanıb və bu sahədə dövlətimiz tərəfindən görülən işlər barədə məlumat verilib.
Briqadanın komandiri Xose Antonio Perez Qomez uzun illər ərzində Kolumbiyanın da ərazilərinin kütləvi minalanması problemi ilə üzləşdiyini bildirib və bu xüsusda ölkəsinin Azərbaycanla həmrəy olduğunu qeyd edib.
Sonda bölgədə dayanıqlı və əbədi sülhün təmin edilməsi üçün Ermənistanın öz qisasçılıq meyillərini kənara qoymalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğu, xalqını barışığa hazırlamaqla ancaq öz xalqı qarşısında deyil, regionun təhlükəsizliyi üçün siyasi iradə göstərməsinin vacibliyi vurğulanıb.