DÜNYA
Kolumbiyalılar FARC qruplaşması ilə sülh sazişinin əleyhinədir
Bakı, 3 oktyabr, AZƏRTAC
Kolumbiyada FARC qruplaşması ilə sülh sazişi barədə referendum keçirilib. Referendumda iştirak edənlərin əksəriyyəti solçu radikallarla barışığın əleyhinə səs verib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, seçki məntəqələrinin 99,86 faizində nəticələr hesablandıqdan sonra sazişin əleyhdarlarının 50,22 faiz səs topladığı məlum olub. Sülh sazişinin qəbul olunması üçün isə onun tərəfdarları nəinki sadə səs çoxluğu, həm də ümumi seçicilərin azı 13 faizinin səsini (təxminən 4,5 milyon səs) yığmalı idi.
FARC qruplaşması və Kolumbiya hökuməti arasında saziş ötən həftə imzalanıb. Sazışə ölkə prezidenti Xuan Manuel Santos və yaraqlıların lideri Rodriqo Londonyo imza atıblar. Sonuncu Kolumbiya hökuməti ilə üsyançılar arasında 52 il davam edən müharibə nəticəsində zərər çəkən insanlardan üzr istəyib və onlara təzminat ödəməyə söz verib.
Sazişin şərtlərinə əsasən, FARC silahlı mübarizədən imtina edəcək və siyasi partiyaya çevrilərək 2018-ci ildə keçiriləcək seçkilərə qatılacaq.
Xuan Manuel Santos referendumda tərəfdarlarının məğlubiyyətini artıq etiraf edib. Buna baxmayaraq, o, ölkədə sülhə nail olmaq üçün sonadək mübarizə aparacağını və FARC qruplaşması ilə sülh danışıqlarının davam edəcəyini vurğulayıb.