REGİONLAR
Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Gəncəyə səfər edib VİDEO
Gəncə, 16 oktyabr, Sabir Əliyev, AZƏRTAC
Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena oktyabrın 16-da bölgə ilə tanışlıq məqsədilə Gəncəyə gəlib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə və onun potensial imkanları barədə qonağa ətraflı məlumat verib.
Assad Jose Jater Pena ölkələrimiz arasında mövcud olan münasibətlərin hazırki səviyyəsindən və gələcək inkişaf perspektivlərindən danışıb. Diplomat bildirib ki, müxtəlif sahələrdə qurulan əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir: “Gəncəyə səfərimin məqsədi də məhz Azərbaycanın bölgələrini yaxından tanımaq və Kolumbiya ilə bu bölgələr arasında iqtisadi və mədəni əlaqələr yaratmaqdır. Azərbaycanda Kolumbiyanın səfirliyi fəaliyyətə başlayandan bir çox layihələrə imza atılıb. Bu layihələrin icrası nəticəsində Azərbaycan xalqı Kolumbiya haqqında daha ətraflı məlumat əldə etmək imkanı qazanıb”.
Azərbaycan kimi Kolumbiyada da çoxlu sayda tarixi abidələrin, mədəniyyət ocaqlarının və muzeylərin olduğunu qeyd edən Assad Jose Jater Pena, hər iki ölkənin turizm imkanlarından bəhrələnməyin vacibliyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.