REGİONLAR
Kolumbiyanın xarici işlər naziri Göyçayda meyvə şirəsi istehsalı zavodu və nar bağları ilə tanış olub VİDEO
Göyçay, 17 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqini iyunun 16-da Göyçay rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, xanım nazir “AzNar” QSC-nin meyvə şirəsi istehsalı zavodu və nar bağları ilə tanış olub.
Şirkətin baş direktoru Teymur Əhmədov qonağa məlumat verib ki, “AzNar” QSC-nin nar emalı zavodunda “Grante” brendi ilə istehsal edilən nar, heyva və alma şirələri, cem və kompot məhsulları 20-dən çox ölkəyə, o cümlədən ABŞ, Polşa, Yeni Zelandiya, Almaniya, Avstraliya, Rusiya, İsrail, Latviya, Litva, Estoniya, Çexiya və Qazaxıstana ixrac edilir.
Bildirilib ki, ümumilikdə 100 işçinin çalışdığı zavod məhsulların keyfiyyətini ildən-ilə yüksəltməyi və xarici bazarlara çıxış imkanlarını genişləndirməyi qarşıya məqsəd qoyub. İtaliyadan gətirilən avadanlığın quraşdırıldığı zavodda heç bir qatqı olmadan təbii yolla hazırlanan nar şirələri indiyədək müxtəlif ölkələrdə keçirilən beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb. Rayonda meyvəçiliyin inkişafına təkan verən “AzNar” indiyədək 1160 hektar sahədə yeni nar bağı, 15 hektar sahədə isə xurma, gilas və ərik bağı salıb. Meyvə bağlarına 200 işçi qulluq edir.
Teymur Əhmədov qeyd edib ki, “AzNar” QSC-nin emal zavodu Azərbaycanda ilk dəfə olaraq narın tumunu təkrar emal etməklə, müxtəlif məhsulların istehsalını həyata keçirir. Narın tumundan tibbi və kosmetik yağ istehsal etmək üçün yeni sex yaradılıb. Tum müasir avadanlıqda qurudulur və yağ əldə olunur. Nar tumunun yağından dəri və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir. Narın qabığında çoxlu tanin maddəsi olduğu üçün bazarda ona böyük tələbat var. Nar qabığının qurudulması və məhsulun istehsalı üçün İtaliyadan avadanlığın alınması nəzərdə tutulur. Nar tumu və qabığından hazırlanan məhsulların satışı üçün Rusiya və İsrail şirkətləri ilə razılıq əldə edilib.
Nazir Mariya Anxela Olqini zavodda istehsal prosesi ilə tanış olub, nar şirəsinin dadına baxıb, məhsulun keyfiyyətini və şirkətin fəaliyyətini yüksək qiymətləndirib. Kolumbiyada nar və ondan hazırlanan məhsullara böyük tələbat olduğunu deyən qonaq iki ölkə arasında narçılıq sahəsində əməkdaşlığın davam etdirilməsini, yeni nar bağlarının salınması üçün Azərbaycandan Kolumbiyaya nar tinglərinin və nar şirəsinin ixrac edilməsini istəyib. “Kolumbiyada meyvə bağları salmaq üçün minlərlə hektar yararlı və istifadəsiz boş torpaq sahələri var. Narçılığı gəlirli sahə hesab edirik. Mütəxəssislərin məsləhəti ilə Kolumbiyada nar bağlarının salınmasını istəyirik. Bu məqsədlə Göyçaya səfər etmişəm. Göyçayda yetişən nar çox dadlıdır. Öyrəndim ki, burada narın 67 sortu yetişdirilir. “AzNar”ın bu sahədə təcrübəsini öyrənəcəyik. Ümid edirəm ki, Göyçayın nar tingləri və nar şirələri Kolumbiya xalqının da xoşuna gələcək”.