Kolyux: Səfirliyə hücum regionda sabitliyi pozmaq cəhdinin bariz nümunəsidir
AzerTAg.az

Kiyev, 27 yanvar, AZƏRTAC
Azərbaycanın İrandakı səfirliyinə hücum regionda siyasi sabitliyin pozulması ssenarisini həyata keçirmək cəhdinin bariz nümunəsidir. Ukrayna bu cür hərəkətləri pisləyir. Sivil dünyada belə təcrübələrə yer yoxdur. Onların kökü ümumbəşəri dəyərlər, dünya miqyasında ölkələr arasında qarşılıqlı anlaşma və etimad naminə qətiyyətlə aradan qaldırılmalıdır.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan Parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux söyləyib.
Deputatın sözlərinə görə, bu, nəinki beynəlxalq hüququn normalarına təhlükə yaradan, həm də prinsipcə əvvəllər “diplomatik əlaqələr” adlandırdığımız münasibətlərin əsasında duran kövrək etimadı məhv edən son dərəcə mənfi tendensiyadır.
“Təəssüf ki, müxtəlif ölkələrin səfirliklərinə hücumlar getdikcə adi hala, siyasi və hətta geosiyasi qarşıdurma alətinə çevrilir. Ən pisi odur ki, bütün bu oyunların arxasında insan həyatı dayanır. Bu gün Azərbaycan bölgədə yeni müharibə və daha çox qan tökmək arzusunda olanlara görə öz vətəndaşını itirdi. Bu, dəhşətdir”, - deyə Valeriy Kolyux vurğulayıb.
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların tezliklə sağalmasını arzulayan deputat bildirib: “Ümid edirəm ki, qərəzsiz araşdırma aparılacaq, nəticədə nəinki bu mənfur hücumun günahkarları və təşkilatçıları, eyni zamanda, onları buna təhrik edənlər cəzalandırılacaq”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var