İQTİSADİYYAT
Komitə: Aprelin ilk hərracında 85 dövlət əmlakı üzrə seçim imkanı var
Bakı, 4 mart, AZƏRTAC
Aprelin 2-də keçiriləcək özəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 85 dövlət əmlakı üzrə seçim etmək imkanı var.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, komitə tərəfindən keçirilən hərraclar yeni sahibkarlıq obyektlərinin yaranmasına şərait yaradır. Müxtəlif iqtisadi sahələrə aid dövlət əmlaklarının özəlləşdirilərək yenidən qurulması və uğurlu fəaliyyəti özəl sahənin inkişafına müsbət təsir göstərir. Tətbiq olunan müasir üsullar hərraclarda rahat iştirak şəraiti yaradır, prosesdə vətəndaş marağını artırır. Aprelin ilk özəlləşdirmə hərracına çıxarılan dövlət əmlaklarının 23-ü səhmdar cəmiyyət, 29-u kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 8-i yarımçıq tikili, 8-i isə nəqliyyat vasitəsidir.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri Bakı, Yevlax, Ağcabədi ilə yanaşı, digər şəhər və rayonlarda yerləşir. Dövlətə məxsus səhm hissələrinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri nəqliyyat, kəndkimya, inşaat kimi müxtəlif iqtisadi sahələrə aiddir. Hərraca “Kürdəmir Kəndkimya”, “Neftçala Ət”, “Tovuz Məişət” kimi səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri çıxarılıb.
Ümumi faydalı sahəsi 12,2 kvadratmetr ilə 11,2 min kvadratmetr arasında olan kiçik dövlət müəssisə və obyektləri üzrə geniş seçim imkanları mövcuddur. Belə ki, bu kateqoriyadan olan dövlət əmlaklarına Şəki və Balakəndə Əmlak kompleksləri, İmişli və Neftçalada ticarət, ictimai iaşə obyektləri aiddir. Daşkəsən rayonunda yerləşən yardımçı təsərrüfatın isə ümumi faydalı sahəsi 1941,2 kvadratmetrdir. 41 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan bu dövlət əmlakı kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaq istəyən investor üçün uğurlu seçimdir.
Xidmət və ofis obyekti kimi istifadə imkanları yaradan qeyri-yaşayış sahələrindən 7-si paytaxtda, 4-ü Sumqayıtda, 3-ü Gəncədə, digərləri isə Ağdaş, Daşkəsən və Bərdədə yerləşir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5,8 kvadratmetrdən 323,2 kvadratmetrə qədərdir. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsindədir.
Budəfəki hərraca çıxarılan nəqliyyat vasitələri “BMW”, “Nissan”, “Rexton” və digər markalara aiddir. Buraxılış tarixləri 1995-2007-ci il intervalında olan avtomobillər üzrə təyin olunmuş ilkin hərrac qiyməti 400 manat ilə 14 min manat arasındadır.
Hər bir dövlət əmlakı haqqında ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalından (privatization.az) əldə etmək mümkündür. İştirak etmək istəyənlər elektron formada qeydiyyatdan keçməklə ilkin hərrac qiymətinin 10 faizi həcmində beh ödəyib sifarişçiyə çevrilə bilər.