REGİONLAR
Komitə sədri: Ağdam və bir çox digər şəhər və kəndlərin baş planlarının hazırlanması artıq yekunlaşıb
Ağdam, 5 oktyabr, E.Camalov, AZƏRTAC
İşğaldan azad olunmuş bütün ərazilərin ümumi planının qısa müddət ərzində hazırlanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmin olunub. Ağdam və bir çox digər şəhər və kəndlərin baş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsi isə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Komitənin sədri Anar Quliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
O bildirib ki, baş planların hazırlanması zamanı müasir “ağıllı şəhər” yanaşmaları, “yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması və digər bu kimi məsələlər prioritet götürülüb. Həmçinin ərazi planlaşdırma sənədlərinin işlənməsi zamanı mədəni və tarixi irs obyektlərinin bərpası, qorunması və ictimai-mədəni mühit üçün zəruri infrastrukturun yaradılması da diqqətdə saxlanılır, mövcud abidələr və onların cari vəziyyətinə dair məlumatlar nəzərə alınır.
"Eyni zamanda, qeyd etmək lazımdır ki, hazırda həmin ərazilərdə infrastruktur layihələri, o cümlədən avtomobil və dəmir yollarının, hava limanlarının tikintisi işğaldan azad olunmuş regionun artıq təsdiq olunmuş Ümumi Planına uyğun həyata keçirilir. Bununla yanaşı, tərəfimizdən mütəmadi olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin müasir dövrün çağırışlarına, iqlim şəraitinə və təbii proseslərə uyğunlaşdırılaraq yenilənməsi prosesi də aparılır. Onu da vurğulamalıyam ki, hər bir yeni kompleks layihələndirmə zamanı müvafiq məkanda əsrlərlə formalaşmış memarlıq ənənələrinin də qorunmasına xüsusi önəm verilir. Əməkdaşlıq etdiyimiz memarlar məhz yerli ənənələrdən, zəngin tarixi-memarlıq irsindən ilhamlanaraq yeni müasir layihələr ərsəyə gətirirlər", - deyə Anar Quliyev vurğulayıb.