İQTİSADİYYAT
Komitə sədri: Azərbaycan üzrə elektron statistik hesabatlılıq səviyyəsi 95 faizi keçib
Bakı, 11 dekabr, AZƏRTAC
Ölkə üzrə elektron statistik hesabatlılıq səviyyəsi 95 faizi ötüb. Yaxın vaxtlarda 100 faizlik nəticəyə nail olunması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 11-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
T.Budaqov bildirib ki, dövlətimizin başçısının tapşırığına əsasən milli statistika sisteminin beynəlxalq standartlara, ən vacibi isə Avropa standartlarına çatdırılması istiqamətində mühüm işlər görülüb. Ötən illərdə müxtəlif qurumların nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda milli statistika sisteminin auditi aparılıb və müvafiq hesabat hazırlanıb. Nəticə etibarilə hazırda Azərbaycanın milli statistika sistemi Avropa standartlarına uyğunlaşdırılıb.