CƏMİYYƏT
Komitə sədri: Azərbaycanda xanım din xadimlərinə ehtiyac getdikcə artır VİDEO
Bakı, 16 aprel, AZƏRTAC
Qadınların bu və ya digər dini xarakterli məclislərində iştirak üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri qeyd edib ki, məscidlərdə çalışan din xadimlərinə, dini icmalarda fəallıq göstərən, bu və ya digər dini icma üzvü, yaxud rəhbəri olan qadınlara da maddi dəstək verilir. Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə müəyyən layihələr həyata keçirilir ki, bu layihələrdə dini icmalar yaxından iştirak edirlər. Azərbaycanda din sahəsində çalışan və icma rəhbəri olan xanımlar da var. Bunu nəzərə alaraq İlahiyyat İnstitutunda da kadrların hazırlığı aparılır.
Komitə sədri qeyd edib ki, gələcəkdə məscidlərdə xanımların dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır və bu, təcrübədə hələlik tətbiq olunmur. Xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak edə bilərlər. Hazırda bu cür məclisləri idarə edən xanımlar var. Bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müzakirə olunur.