REGİONLAR
Komitə sədri Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edib
Qəbələ, 22 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qəbələ rayonunda bölgə vətəndaşlarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayon icra hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyub, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən qəbulda komitə sədri Mübariz Qurbanlı Oğuz, Şəki və Qəbələ rayonlarından olan sakinlərin müraciətlərinə baxıb.
Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.