ELM VƏ TƏHSİL
Kommersiyalaşan innovativ layihələrin bölgüsünə dair müzakirələr aparılıb
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) kommersiyalaşan layihələrin bölgüsünə dair sənəd layihəsinin hazırlanması ilə bağlı iclas keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovun sədrliyi ilə keçirilən iclasda innovativ layihələrin kommersiyalaşdırılması mərhələləri müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.
İclasda AMEA-nın Rəyasət Heyətinin elmi katibi Rəna Hüseynova və YT Parkın Patent, Sertifikatlaşdırma, Marketinq və Biznes İnkubasiya Mərkəzinin əməkdaşları iştirak ediblər.
Sonda kommersiyalaşan innovativ layihələrdən əldə edilən gəlir bölgüsü ilə bağlı qərar layihəsinin hazırlanması və müzakirəyə təqdim olunması qərara alınıb.